Təhlükəli virusla bağlı məlumatlandırıcı təqdimat keçirilib
Təhlükəli virusla bağlı məlumatlandırıcı təqdimat keçirilib
24 Fevral 2020 14:37 SosialXəzər Universitetində müəllim və tələbələr üçün Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin (XTİNM) mütəxəssisləri-Aytac Nəsirli, Cəlalə Həsənova, Koronavirus infeksiyası haqqında tanıdıcı təqdimat keçiriblər. Səhiyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, təqdimatı departamentin rəhbəri Asəf Ömərov açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb. O, zoonoz mənşəli xəstəliklərin insan sağlamlığında rolu, onların yayılması haqqında giriş nitqi söylədikdən sonra sözü XTİNM-in mütəxəssislərinə verib. Mütəxəssislər koronavirus infeksiyası-onun epidemiologiyası, etiologiyası, patogenezi, simptomları, laborator diaqnostikası, profilaktikası, müalicəsi haqqında məlumat verməklə, qonşu ölkələrdə baş vermiş alovlanma hallarının, xəstəliyin son statistik məlumatlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
XTİNM-in mütəxəssisləri bu təhlükəli virusla bağlı tədbir iştirakçılarında yaranmış sualları cavablandırıblar. Tədbirin sonunda universitetin rektoru Dr. İradə Xəlilova qonaqlara təşəkkürünü bildirib. Seminar iştirakçılarına universitetdə aparılmış ümumi profilaktika tədbirləri bir daha xatırladılıb. Həmçinin, rektor ictimai nəqliyyatdan istifadə edərkən, qida qəbulundan öncə, respirator əlamətləri olan insanlarla münasibət, xəstə olarkən, gözlənilməsi vacib olan fərdi gigiyena qaydaları haqqında seminar iştirakçılarına məlumat verib.