Balıq qızartmasına duz əvəzinə şəkər tozu vuran dostum- Elçin Hüseynbəyli yazır

Belə-belə işlər

Elçin Hüseynbəyli

Çoxdandır ki, sizə baməzə dostumun əhvalatlarından danışmıram. Bu dəfə sizə üç məzəli olay danışacam, özü də hamısı təxminən eyni mövzudadır. Deyəsən, sizə deməmişəm: mənim dostum qurmandır, yəni ağzının dadını biləndir, həm də balıq həvəskarıdır.

Başlayaq birinci epizoddan. Dostum danışır:

-İmşiliyə balıq tutmağa getmişdik. Əvvəlcədən dost-tanışa da bu barədə xəbər vermişdik. Onlar da tədarüklərini görmüşdülər. Ancaq rayona çatanda Abbas adlı dostumuz dedi ki, havayıdan özünüzü yormayın, Araz da balıq nədi, heç qılqına da yoxdur. Mən də özümə güvəndiyim üçün "heç ola bilməz ki, o boyda Arazda balıq olmasın, bircə dənəsi  varsa, mənim qarmağıma düşəcək. Lap heç olmasa da, nəhrin kənarını gəzmək, ətrafı seyr eləmək gözəl olardı."

O da mənim sözümü yerə salmadı və Arazın qırağına getdik, amma doğrudan da bir dənə balıq da tuta bilmədik. Balıq heç qarmağımızı tərpətmədi də. Abbas müəllim deyindi ki, günah camaatın özündədir.  "Su azalan kimi aminal atırlar, xlorla suyu zəhərləyirlər, lap dayaz və ensiz yerlərdə isə tor qururlar. Çayın (Kürü nəzərdə tutrdu) deltasını da Xəzərdə bağlayırlar, ona görə də yaz gələndə balıq dənizdən çaya çıxa, kürü tökə bilmir, balıq da tükənir. "Amma yaxşı ki, bizim süni göllərimiz var, özü də axar göldür, yəni Arazın suyu bu başdan girib o biri başdan çıxır. Gedək ora, əliboş qayıtmarıq."

Nəsə, getdik gölə. Doğrudan da xeyli balıq tutduq. Abbas müəllim dedi ki, sən tutmaqda davam elə, biz də, yəni o və dostu balqıdan qızardaq, İmişli qonaqpərvərliyini əyani nümayiş etdirək.

Onlar balıq qızartmaqda olsun, mən də balıq tutmaqda.

Yemək hazır olanda tutduğum  balıqları gölün gözətçisi təmizləməyə apardı, dedilər ki, bunlar Bakıya gedəcək, yəni mənə onu pay kimi verəcəklər. Qoy, evdə də inansınlar ki, mən Ovçu Pirim-zad deyiləm, yəni, doğrudan da balıq sərrafıyam.

Süfrəyə oturduq, ortaya bir "alagöz" də gəldi. Abbas müəllim qonağa hörmət əlaməti olaraq, balığın yaxşı bir tikəsini qabağıma qoydu. Balıqdan bir tikə qopardım, ancaq ağzıma vuranda gördüm ki, şirin dadır. "Balıq yaman şirindir" dedim. Abbas müəllim də fəxrlə və gülümsünə-gülümsünə qayıtdı ki, Araz balığı şirin olur də. Dedim ik, o mənada şirin demirəm, yəni doğrudan da şirindir, yəqin sən qarışıq salıb, buna duz əvəzinə pesok (şəkər tozu) vurmusan.

Mənim bu sözlərimdən sonra Abbas müəllimin dostu da tansınaraq dedi ki, doğrudan da balıq çox şirindir.

Abbas müəllim heç nə demədi, olacağa ("butkaya") girdi, bir azdan gülə-gülə çıxdı və bunları dedi: "Mən bura az-az gəlirəm,  gölün də  sahibi mənim qardaşımdır. Ondan duzun yerini soruşdum, o da dedi ki, şkafın aşağı siyirməsindədir. Sən demə, orda bir-birinin eyni olan iki şüşə varmış: birində duz, birində də şəkər tozu. Mən çaşıb şəkər tozu olan şüşəni götürmüşəm."

İş işdən keçmişdi. Ona görə də balığın üstünə duz səpib marça-marçla yedik, "alagözü" də aşırdıq...

Mənim bir təsəllim vardı. Ümid edirdim ki, evdə duzla şəkər tozunu qarışıq salmayacaqlar...

Fevral, 2020

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31