Yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası yaradılır

Yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası yaradılır

"Mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vizual nəzarət sisteminin və elektron məlumat bazasının yaradılmasına başlanılıb".

Olaylar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya müəssisəsinin direktoru Nazim İsmayılov deyib.

O bildirib ki, nazirlik tərəfindən vizual nəzarət sisteminin və elektron məlumat bazasının yaradılmasına başlanılıb: "İlkin olaraq inventarizasiya işlərinə Bakı şəhərindən başlanılıb və bu proses mərhələli şəkildə böyük şəhərləri əhatə edəcək. Nazirlikdə bununla əlaqədar İşçi Qrup yaradılıb və İşçi Qrup tərəfindən şəhərin ərazisi inzibati rayonlar üzrə sistemləşdirilir, hər rayon şərti kvartallara bölünür və nömrələnir. Mövcud yaşıllıq sahələrinin uçota alınması üçün ərazidəki bütün ağac və kollar bir-bir sayılır, koordinatları götürülür, yaşıllıq faizi hesablanır, fotoşəkilləri çəkilir və elektron məlumat bazasında yerləşdirilir".

N.İsmayılov qeyd edib ki, Coğrafi İnformasiya Sistemlərində (CİS) ölkə üzrə yaşıllıqların elektron və vizual məlumat bazası daim yenilənəcək, dinamik olacaq, bununla da mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsinə, artıb-azalmasına nəzarətin həyata keçirilməsinə nail olunacaq".

Direktorun sözlərinə görə, İnventarizasiya işlərinə pilot olaraq Bakı şəhərinin Binəqədi rayonundan başlanılıb: "Artıq rayonun bir sıra ərazilərinin məlumat bazası hazırdır. Məsələn, Binəqədi rayonu 8-ci mikrorayon ərazisində Naxçıvanski və Bəhlul Səttarzadə küçələrinin arasındakı müəyyən olunmuş 12-ci kvartalda 541 ağac və 273 kol mövcuddur, yaşıllıq 13.8 faiz təşkil edir. Bu günədək İşçi Qrup tərəfindən Binəqədi rayonunun 350 hektar ərazisində 90 min ağac və kol sayılıb. Proses davam edir".

Onun szölərinə görə,  məlumat bazasından dövlət əhəmiyyətli infrastruktur, istehsalat layihələrinin hazırlanmasında, müxtəlif tikinti işlərinin layihələndirilməsində və torpaq sahələrinin ayrılmasında mərkəzi icra hakimiyyətləri, o cümlədən İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumlar da istifadə edə biləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31