İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb

İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə "Xocalı: milli tariximizin şəhidlik səhifəsi" mövzusunda tədbir keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki,  Aİİ rektoru Ceyhun Məmmədov mərasim iştirakçılarını salamlayaraq, gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində ali təhsil müəssisəsinin müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.

İnstitut rəhbəri daha sonra bildirib ki, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi səkkiz il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər.

C.Məmmədov Xocalı soyqırımının erməni millətçilərinin xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsindən olduğunu bildirərək, bu faciəni törədənlərin öz layiqli cəzalarını almaları üçün gənclərin üzərinə düşən vəzifələrdən danışıb.

Rektor həlak olmuş şəhid ailələrinin və əlil düşmüş insanların daim Azərbaycan Dövlətinin qayğı və diqqəti ilə əhatə olunduqlarını, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri dosent İlkin Əlimuradov çıxış edərək bildirib ki, hədəfimiz Xocalı soyqırımı həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdırmaqdır.

Aİİ-nin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov "İslamda şəhidlik " mövzusunda çıxış edib. İslam dinində şəhidlik məqamı, Vətən sevgisi və onu qorumağın vacibliyi haqqında söhbət açıb. O bildirib ki, Vətəni müdafiə etmək üçün düşmənə qarşı mübarizə apararaq şəhid olmaq bir müsəlmanın nail ola biləcəyi ən yüksək mənəvi mərtəbədir.

Daha sonra Aİİ-nin müəllimi tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa "Xocalı faciəsinə tarixi baxış" mövzusunda çıxış edib.

Tədbirdə XX əsrin facisəi olan Xocalı soyqırımından bəhs edən film nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31