“MRY bazasında muğam, xalçaçılıq, keçə sənəti” adlı təqdimat keçirilib
“MRY bazasında muğam, xalçaçılıq, keçə sənəti” adlı təqdimat keçirilib
20 Fevral 2020 15:59 SosialAzərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında "MRY bazasında muğam, xalçaçılıq, keçə sənəti" adlı təqdimat keçirilib.
Olaylar.az xəbər verir ki, tədbiri Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova giriş sözü ilə açaraq, kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazası layihəsinin əhəmiyyətini vurğulayıb. L.İmanova MRY bazasına əsasən Azərbaycanın qədim mədəniyyətini, tarixini, etnoqrafiyasını, arxeologiyasını, dövlətçiliyini, qanunvericiliyini, demoqrafik və statistik durumunu əks etdirən sənədlər yerləşdirildiyini bildirib və bu istiqamətdə kitabxananın bütün strukturları arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib.
İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin rəhbəri Günel Əhədova şöbənin əməkdaşları tərəfindən MRY bazasına seçilmiş sənədlərin korrektə, redaktə edildiyini, biblioqrafik qeydlər, annotasiya, açar sözlərinin düzgün və dolğun seçilməsi, dünya oxucusuna əlçatan olması üçün bir neçə xarici dildə verilməsi kimi əhəmiyyətli işləri həyata keçirdiklərini diqqətə çatdırıb.
Şöbənin əməkdaşları Dürdanə Ağayeva və Alidə Həsənli "MRY bazasında muğam, xalçaçılıq, keçə sənəti" adlı təqdimatla çıxış ediblər.
D.Ağayeva Mərkəzi Elmi Kitabxanada muğam haqqında mühafizə olunan sənədlərin hər birinin MRY bazasına daxil olunduğunu vurğulayıb.
Sonra Kitabxana-xidmət şöbəsinin rəhbəri Aygün Səfərova kitabxananın bütün şöbələrinə MRY bazası ilə bağlı sıx əməkdaşlıq üçün təşəkkürünü bildirib, tədbirin hazırlanmasında iştirak edən əməkdaşların təqdimatının uğurlu keçdiyini bildirib.
Sonda mövzu ilə bağlı müzakirə və təkliflər səsləndirilib.