Ombudsman Aparatının əməkdaşları Memorial Soyqırımı Muzeyində olublar
Ombudsman Aparatının əməkdaşları Memorial Soyqırımı Muzeyində olublar
19 Fevral 2020 15:47 SosialAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının bir qrup əməkdaşı Hərbi Prokurorluqda fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində olub. "Olaylar" xəbər verir ki, Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin təşəbbüsü ilə yaradılan və 2014-cü il fevralın 24-də açılışı olan muzey XX əsrin əvvəllərindən etibarən erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Bu muzeyin Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən tarixi özündə əks etdirdiyi diqqətə çatdırılıb.
Dörd bölmədən - tarix, deportasiya-repressiya, soyqırımı və terror bölməsindən ibarət olan Memorial Soyqırımı Muzeyində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin və keçmiş sovet ordusunun 366-cı alayının Xocalı şəhərinə birgə hücumunu, Xocalı və ətraf ərazilərin işğalını əks etdirən maket yer alıb.
Muzeydə, həmçinin müxtəlif sənəd və fotolar, bir sıra digər eksponatlar sərgilənir. Erməni terrorçularının hücum zamanı istifadə etdikləri partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır. Sonda erməni vandalları tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı və deportasiyaları tarixi sənədlər, istintaq materialları və şahid ifadələri əsasında əks etdirən "Əsrin faciəsi" adlı sənədli film nümayiş etdirilib.