Azərbaycanda elektron informasiya vasitələri daha sürətli inkişaf edir
19 Fevral 2020 15:39 SosialArtıq ölkədə hər bir mətbuat nümunəsinin elektron səhifəsi fəaliyyət göstərir
Dünyanın demokratik cəhətdən ən çox inkişaf etmiş dövlətlərinin təcrübəsinə də diqqət yetirilsə, burada kütləvi informasiya vasitələrinin, o cümlədən mətbu orqanların inkişafının daim prioritet istiqamətlərdən birini təşkil etdiyi aydın görünər. Yeni müstəqillik tarixi elə də böyük zaman kəsiyini əhatə etməməsinə baxmayaraq, demokratiya yolunda uğurla irəliləyən Azərbaycanda da söz və mətbuat azadlığının təmini, kütləvi informasiya vasitələrinin sürətli tərəqqisi üçün yaradılan şərait nümunəvi xarakter daşıyır. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilib. Bunun nəticəsidir ki, Azərbaycan mediası sərbəst fəaliyyəti üçün əlverişli mühit yaradan dövlətin qayğısını daim öz üzərində hiss edib və etməkdədir. Lakin o da tarixi həqiqətdir ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin bu inkişaf yolunun başlanğıcı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı.
Sosioloq Mahir Babayev bildirib ki, Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə, mətbu ənənələrə malik olması demokratik milli jurnalistikanın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb: "1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman mətbuatın azad fəaliyyət göstərməsi istiqamətində mühüm addım oldu. Bu fərmanla mətbuata nəzarət edən baş idarə ləğv olundu. Həmçinin həmin sənəddə ölkəmizdə fəaliyyət göstərən aparıcı mətbu orqanların maddi-texniki imkanlarının gücləndirilməsi və sair kimi məsələlər də öz əksini tapıb. Dahi şəxsiyyət Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən addımları sırasında 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunu təsdiqləməsini xüsusi qeyd edilməlidir. Bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırıldı. "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" təsdiq olundu. Vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında müxtəlif qərar və qanunlar qəbul etməklə KİV-lərin fəaliyyətinin genişləndirilməsi təmin edildi. Özü-özünü tənzimləyən 15 mart 2003-cü ildə Jurnalistlərin I Qurultayında jurnalistlər tərəfindən qeyri-hökumət təşkilatı olan Mətbuat Şurası yaradıldı. Ulu öndər Heydər Əliyevin 2002-ci ildə "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi məhz onun milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının təsdiqi idi. Mükafatın təqdimat mərasimində ümummilli lider Heydər Əliyev bir daha bu fikri böyük inam və əminliklə ifadə etmişdir: "Sizi əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam". Ulu öndər Heydər Əliyev ölkə jurnalistlərini hər zaman obyektivliyə dəvət edir, onları bu istiqamətdə öz fəaliyyətlərini daha da genişləndirməyə çağırırdı. "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir" söyləməklə açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi. Bu məqsəd də daim önə çəkilirdi ki, kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuat Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir.
M.Babayev əavə edib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin bugünkü reallıqlarında öz əksini tapıb. İqtisadiyyatı hər bir inkişafın təməl daşı kimi dəyərləndirən ölkə prezidenti İlham Əliyev bu istiqamətdə atdığı biri-birindən əhəmiyyətli addımları ilə Azərbaycanın beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi kimi mövqeyini daha da möhkəmləndirir. Təbii ki, iqtisadi tərəqqi digər sahələr kimi, azad mətbuatın inkişafına da öz müsbət təsirini göstərir: "Jurnalistlərin fəxri adlarla mükafatlandırılması, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə imzaladığı sərəncam əsasında onlar üçün yaşayış evinin tikilməsinə ilkin olaraq Prezidentin Ehtiyat Fondundan 5 milyon manat maliyyə vəsaitinin ayrılması da qayğının davamlılığından xəbər verir. 2013-cü ildə Milli Mətbuat Günündə jurnalistlər üçün tikilmiş həmin bina istifadəyə verildi. Mənzillərin paylanması mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki, mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar vardır: "Bu da təbiidir və bu təşəbbüs, burada aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir və yol verilməməlidir. Məhz buna görə də hesab edirəm ki, cəmiyyətdə çox sağlam mühit, sağlam ab-hava vardır. Əlbəttə ki, jurnalistlərin peşəkarlığı, onların ictimai rəydəki fəaliyyəti bu sağlam ab-havanı daha da sağlam edəcəkdir".
Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncam dünyada analoqu olmayan addım kimi dəyərləndirildi. Möhtərəm Prezidentimiz İlham Əliyevin 22 iyul 2013-cü il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamı azad, müstəqil mətbuatın inkişafının dövlət siyasətində prioritet olduğunu təsdiqləməklə yanaşı, iqtisadi imkanların davamlı addımların atılmasında əsas olduğuna da işıq saldı. Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasında da qeyd edilir ki, KİV-lərin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində onların mühüm rolunu nəzərə almaqla fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etməkdən ibarətdir".
Onun sözlərinə görə, hazırda Azərbaycan elektron informasiya vasitələrinin daha sürətli inkişafı ilə göz önündədir. Bu gün elektron informasiya vasitələri ilə ənənəvi media vasitələri arasında güclü rəqabət gedir. Artıq Azərbaycanda demək olar hər mətbuat nümunəsinin elektron səhifəsi fəaliyyət göstərir. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində ənənəvi medianın oxucuları azalır, əksinə onlar xəbərləri internet vasitəsilə əldə etməyə üstünlük verirlər. Son illər Azərbaycanda kompüter texnologiyalarının, eləcə də söz və fikir azadlığının inkişafı, dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi, mediada da yeni yanaşmalar ortaya qoyub. Uzun illər informasiya blokadalarının əsiri olmuş, dünyada baş verən hadisələrdən bir qədər uzaq olan ölkəmizdə hazırda media özünün transformasiya mərhələsini yaşamaqdadır. Azərbaycanda da azad sözün ifadə vasitəsi olan internetin rolu artmaqdadır. Ölkəmizdə yeni media hələ formalaşma mərhələsində olsa da, bloqlar, forumlar, xəbər portalları kifayət qədərdir: "Söz və məlumat azadlığının təmin olunması sahəsində aparılan siyasətin nəticəsində bu gün Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Heç şübhəsiz ki, bunlar sadə statistika kimi yox, eyni zamanda ölkədə söz və mətbuat azadlığına Azərbaycan dövlətinin və Prezidentin qayğısı kimi dəyərləndirilməlidir. Özlüyündə ölkə Prezidenti də mətbuat və söz azadlığına, mətbuatın bu sahədə keçdiyi yola çox böyük qiymət verir".
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir