Azərbaycanda Qida Təhlükəsizliyi Klinikası yaradacaq
Azərbaycanda Qida Təhlükəsizliyi Klinikası yaradacaq
13 Fevral 2020 14:31 SosialAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Qida Təhlükəsizliyi Klinikasının yaradılması nəzərdə tutulub. "OLAYLAR" xəbər verir ki, Klinikanın nəzdində "Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi" və "Toksikoloji Araşdırmalar Mərkəzi" fəaliyyət göstərəcək. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında bu barədə məlumat verib. Bildirib ki, Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi ölkənin biotəhlükəsizlik statusunun mütəmadi nəzarətdə saxlanılması, ölkə xaricində vəya daxilində ortaya çıxan biolojik təhlükə qaynaqlarının araşdırılması, qiymətləndirilməsi, önləyici tədbirlərin hazırlanması, biolojik agent qaynaqlı böhran vəziyətində müvafiq koordinasıyanın həyata keçirilməsi, ölkənin biotəhlükəsizlik statusuna təhdit ola biləcək biolojik agentlərdən qorunma məqsədi ilə elmi-praktiki tədqiqatlarının aparılması, biolojik agent qaynaqlı alovlanmaların mənşəyinin təyin edilməsi, önləyici tədbirlərin alınması məqsədi ilə genom xəritəsinin təyin edilməsi və müvafiq biotexnoloji metodların tətbiq edilməsi üzrə fəaliyyət göstərəcək.
Həmçinin Mərkəz tərəfindən Quş qripi, yüksək patogenliyə malik koronavirus növlərinin, Qara Yara kimi xüsusi təhlükəli xəstəliklərin sürətli diaqnozunun qoyulması, tədqiqinin aparılması, bu kimi hallara çevik reaksiya verilməsi məqsədi ilə Biotəhlükəsizlik 3 səviyəli laboratoriyaların formalaşdırılması, xəstəliklərdən qorunma məqsədi ilə ölkə əhalisinin mütəmadi bilgiləndirilməsi, maarifləndirilməsi, müvafiq önləyici tədbirlərin əhaliyə aşılanması həyata keçiriləcək.