Tədris Cərrahiyyə Klinikasında xeyriyyə aksiyası keçirilib
Tədris Cərrahiyyə Klinikasında xeyriyyə aksiyası keçirilib
13 Fevral 2020 11:57 SosialAzərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsində ənənəvi xeyriyyə aksiyası keçirilib. Səhiyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, hər aksiya zamanı torpaqlarımızın ərazi bütövlüyündə iştirak edən, əlil olan, şəhid ailələri və o cümlədən ATU-da müvəffəqiyyətlə oxuyan aztəminatlı tələbələr ödənişsiz əməliyyat olunublar. Bu semestri müvəffəqiyyətlə başa vuran, aztəminatlı 2 tələbə ödənişsiz, 5 tələbə isə 50 faiz güzəştlə gözlərindən əməliyyat olunub.
Aksiya həmişə olduğu kimi, ATU-nun rektoru, professor Gəray Gəraybəylinin və klinikanın oftalmologiya şöbəsinin təşəbbüsü ilə həyata keçirilib. Tibb Universitetində təhsil alan və bu semestri müvəffəqiyyətlə başa vuran 2 tələbənin gözlərində ödənişsiz eksimer lazer əməliyyatı icra olunub. Tələbələrə stimul vermək üçün 50 faiz ödəmək şərti ilə refraksion problemi olan 5 tələbənin hər iki gözündə eksimer cərrahiyyə əməliyyatı aparılıb. Onlarda 90 faiz görmə qabiliyyəti bərpa olunub.
Xeyriyyə aksiyaları əsasən Ümummilli lider Heydər Əliyevin doğum və anım günlərində, Azərbaycan oftalmologiyasının banilərindən biri olan, görkəmli alim Zərifə xanım Əliyevanın doğum günündə, Ramazan və Novruz bayramları ərəfəsində keçirilir. Qeyd edək ki, ümumilikdə aksiya zamanı 134 tələbə əməliyyat olunub.