Ali Attestasiya Komissiyasının sədri BDU-da görüş keçirib

Ali Attestasiya Komissiyasının sədri BDU-da görüş keçirib

Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayevlə görüş keçirilib.

Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev elm və təhsilin vəhdətini özündə birləşdirən, elmin inkişafını təmin edən Ali Attestasiya Komissiyasının yeni rəhbərliyinin bu sistemin təkmilləşməsi, onun dünya standartlarına uyğunlaşdırılması, nüfuzunun bərpa olunması, daha da möhkəmləndirilməsi, elmi adların, elmi dərəcələrin verilməsi üzrə prosesin şəffaflaşdırılmasında, başlatdığı işdən bəhs edib. Ölkədə elmi inkişafın bilavasitə təhsilin inkişafı ilə bağlı olduğunu diqqətə çatdıran rektor, Bakı Dövlət Universitetinin tədqiqat universiteti statusu alması üçün kifayət qədər potensialının olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev Universitet kollektivini 100 illik yubiley münasibətilə təbrik edib. O, təmsil etdiyi qurumla Bakı Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlığın alimlərin elmi tədqiqatlarının səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyinə inandığını dilə gətirib. Ali Attestasiya Komissiyasına verilmiş əlavə səlahiyyətlərdən bəhs edən Famil Mustafayev, bundan sonra komissiyanın elmi adların verilməsi ilə yanaşı, elmi müəssisələrin akkreditasiyasını da həyata keçirəcəyini diqqətə çatdırıb.

Sədr AAK-dakı islahatlar, elmi dərəcə və elmi adların verilməsi qaydalarındakı yeniliklər haqqında geniş məlumat verib. Sonra iştirakçıların sualları cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31