İlahiyyat İnstitutu ikiillik fəaliyyətini təhlil edib
İlahiyyat İnstitutu ikiillik fəaliyyətini təhlil edib
12 Fevral 2020 16:04 SosialAzərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təsis edilməsinin 2-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, İnstitutun Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində təsis edildiyini vurğulayıb. İnstitutun yaradılmasında məqsədin Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək olduğunu bildirib.
Azərbaycanda nümunəvi dövlət-din münasibətləri haqqında bəhs edən C.Məmmədov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin hazırda onun layiqli varisi Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyeva və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Şeyxülislam Allahşükür Paşazadənin Aİİ heyətinə xeyir-dualarını çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyin keşiyində duran yüksəkixtisaslı dinşünas və islamşünas kadrların hazırlanması baxımından Aİİ-nin fəaliyyətini yüksək qiymətləndirib. Cəmiyyətdə İnstitutun yetəri qədər tanıdığını və müsbət fikirlərin olduğunu bildirib. Regionda dini təhsil verən kifayət qədər müəssisələrin olduğunu vurğulayan sədr müavini Azərbaycan İlahiyyat İnstitutunun bu rəqabət mühitində öz sözünü layiqincə deyəcəyinə ümidvar olduğunu bildirib.