Cinayət işlərində bəraət hansı hallarda verilir? -TƏHLİL
Cinayət işlərində bəraət hansı hallarda verilir?-TƏHLİL
12 Fevral 2020 12:47 SosialAzərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin təyinatı qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa və cinayət məsuliyyətinə cəlb etməyin mümkün olması ilə yanaşı, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etməyin mümkün olmamasına yönəlib. Bu məqsəddən irəli gələrək cinayət mühakimə icraatının vəzifələrindən biri də təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Mövcud qanunvericiliyə görə, hətta bəraət almış şəxslərin bir sıra hüquqları da mövcuddur. Maraqlıdır, bəs cinayət işlərində bəraət hansı hallarda verilir və onların hansı hüquqları var?
Birmənalı şəkildə qeyd edilməlidir ki, məhkəmənin ittiham hökmü ehtimallara, istintaqın və hakimin tapmaca xarakterli düşüncələrinə əsasən qəbul edilə, şahidlərin mənbəyi bəlli olmayan ifadələrinə, söz yığnağından ibarət mülahizələrə uyğun elan oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyası (63-cü maddəsində) hər kəsin təqsirsizlik prezumpsiyası hüququnu təsbit edir. Yəni, şəxsin hər hansı bir əməldə təqsirli olduğu ehtimallara söykənərsə, təqsirsiz sayılır. Təqsirsizlik prezumpsiyası latın sözü olub - "praesumptio innocential" - təqsirin ehtimal olunması mənasını verir. Cinayət mühakimə icraatının əsas prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası - ittiham olunanın təqsiri sübuta yetirilməyibsə, o, günahsızdır" - deməkdir. Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət mühakimə icraatının vəzifələrindən biri də təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Ədalətin bərpası məhkəmələrin əsas vəzifələrindən biridir. İnsanlarda ədalət sisteminə olan inamının sarsılmazlığının təmin edilməsi məhkəmələrin fəaliyyətinin əsasını təşkil etməlidir. Belə ki, məhkəməyədək icraat zamanı cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət təqibini istisna edən bu hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Məhkəmə baxışı nəticəsində isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: Cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə, ( -bu gün təcrübədə rast gəlinməsədə qanunda qeyd edilən andlı iclasçılar kollegiyası şəxsin təqsirsizliyi barədə verdikt çıxardıqda). Cinayət prosesinin gedişində haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Bəraət almış təqsirləndirilən, habelə məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş şəxslər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş mənəvi, fiziki və maddi ziyanın ödənilməsi hüququna malikdirlər. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Maddi və mənəvi ziyanlar məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilməlidir. Kompensasiya ödənilən zaman əsasən bəraət almış şəxsin məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri; müdafiəçiyə ödənilmiş pul məbləği; hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə , həmçinin bəraət almış şəxsin mənəvi sarsıntılara məruz qalmasına görə mənəvi itkilərə dair irəli sürdyü ödəmələr daxil ola bilər.
Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna sözügedən şəxslərlə yanaşı, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri də malikdirlər: Cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Yəni şəxsə izah edilir ki, bəraət almış şəxsin qeyd edilən hüququ var. Əgər bu sənədlərdə həmin məsələ əks olunmayıbsa, məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. Bəraət hökmü çıxarmış məhkəmə, habelə cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarmış təhqiqatçı, müstəntiq və ya prokuror cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.
Nurlan
Olaylar.az