Uşaqları qorxutmağın sonrakı fəsadları: “Sakit otur, yeməyini ye, yoxsa...”

Uşaqları qorxutmağın sonrakı fəsadları: “Sakit otur, yeməyini ye, yoxsa...”

Valideynlərin tərbiyə ilə bağlı başqa geniş yayılmış səhvi onların uşaqları qorxutmaq cəhdidir. Bir çox valideynlər övladını verilən tapşırığı yerinə yetirməsi üçün və ya nadinclik etməsin deyə qorxudurlar. Bəzi valideynlər uşağı bu və ya digər hərəkətə sövq edən səbəbləri araşdırmaq əvəzinə, onun diqqətini qorxulu hadisələri ilə yayındırmağa üstünlük verirlər. Valideyn düşünür ki, qorxutma üsullarından istifadə etsə, tərbiyədə daha tez nəticə əldə edəcək. Bu da öz növbəsində uşaqlarda müəyyən qorxuların yaranmasına gətirib çıxarır. Uşaqlıq çağlarında yaşanmış mənəvi sarsıntılar öz təbiətinə görə dayanıqlıdır. Bu sarsıntılar uşağın fiziki və əqli inkişafına mənfi təsir göstərir və ona görə də valideynlər öz ailə praktikalarında uşaqları qorxutmaq kimi "tərbiyə vasitələrindən" tamamilə imtina etməlidirlər. Yəqin ki, uşaqları qorxutmaq üçün pullu xidmət göstərən "Qırışılı klounları" xatırlayırsız. "Qırışlı kloun" ləqəbi ilə məşhurluq qazanan bu qorxunc varlıq gecələr ən sözə baxmaz uşaqların çarpayılarının altında gizlənər, onlar yatmayanda gizləndiyi yerdən çıxıb azyaşlıları hıçqırana qədər ağladıb sonra da gecənin qaranlığında yoxa çıxarmış. Əlbəttə, "Qırışlı kloun" bunu öz qəlbinin çağırışı ilə etmirdi. Buna görə ona xeyli miqdarda pul da ödəyirdilər. Pul ödəyənlər isə təbii ki, sözə baxmayan, yatmaq istəməyən uşaqların doğma valideynləri idilər. Bəzi valideynlər hesab edirdilər ki, tərbiyənin belə metodları tamamilə mümkündür. Və bu səbəbdən də "Qırışlı kloun"u lazım olanda çağırırdılar. Yüz, iki yüz dollar məbləğində valideynlərə xidmət göstərən klounu üzərində ağ noxudu naxışları olan qırmızı kostyumda görüblər. Uşaqların kabusu simasındakı qorxulu maskalarla qəfildən pəncərələrin arxasından və yaxud da qaranlıqda bərq vuran avtomobil faralarının işığında peyda olurdu. Tarix gizlətsə də klounun gecə təşriflərindən sonra bir çox uşaqların danışıqlarında qüsurlar əmələ gəlməyə başladı. Gecələr klounun həngamələrini görən uşaqlar ertəsi gün pəltəkləməyə başlayırdı. Bəzi qorxular uşaqlarda keçici olsa da digərləri uzun müddət qalır.

Belə ki, uşaqlarda qorxu hissi doğulandan yeniyetmə yaşına qədər mərhələlərlə inkişaf edir. Mütəxəssislər bu inkişaf mərhələlərini 0-2 yaş, 2-6 yaş, 6-9 yaş, 9-12 yaş və yeniyetməlik dövrlərinə görə fərqləndirirlər. 0-2 yaşında olan uşaqlar ağrıdan, bərk səsdən, tək qalmaqdan və fiziki dəstəyi itirməkdən qorxurlar (əlini buraxanda, qucaqdan düşəndə və s.). Bu qorxu hissi doğulan gündən başlayır və tədricən güclənir. Böyük ehtimal bu yaşda uşaqların təsəvvürü tam formalaşmadığından onları "xoxan"la qorxuzmaq olmur. Başqa sözlə onlar hələ xoxan nə olduğunu nə dərk, nə də təsəvvür edirlər. 2-6 yaşında olan uşaqlar daha çox tək qalmaq və qaranlıqdan qorxurlar. Bu yaş dövründə sözləri başa düşmək və təsəvvür etmək qabiliyyəti formalaşır. Ona görə də bu yaşda "xoxan" məfhumunu uşaqlar başa düşür və təsəvvür etdiyi "xoxan"dan qorxmağa başlayır. Böyüklərin qorxu yaradan sözlərinə balacanızda reaksiya formalaşır. "Ölüm" anlayışı ilə tanışlıq isə qorxunu bir qədər artırır. 6-9 yaşında olan uşaqlar yavaş-yavaş xəyali varlıqlardan daha az qorxmağa başlayırlar. Bəzən isə qorxulu hesab edilən oyuncaqlarla oynayırlar. Bu yaşda xoxanlar əhəmiyyətini itirməyə başlayır. Amma qorxu hissi hələ də aktual olaraq qalır. 9-12 yaşlı uşaqlar daha böyük və vahiməli "xoxanlarla" ünsiyyətə girməyə hazır olurlar. Zədə almaq və ya sevdiyi insanları itirmək qorxusu formalaşır. Yeniyetməlik dövründə uşaqların nəzəri bilikləri və məntiqi təfəkkürü inkişaf etdikcə onların qorxuları tamamilə dəyişir. Yeniyetmələr daha çox sosial və iqtisadi hadisələrlə bağlı olur. Yaşıdları ilə münasibətlər, hormonlarla bağlı bədən formasının dəyişməsi və ətrafdakılar tərəfindən qəbul olunmamaq əsas qorxulara çevrilir.

Ailə pedaqogikasının əsas qaydalarının birində bildirilir: uşaq səbəbsiz nə ağlayır, nə də qışqırır. Əgər uşağın narahatçılığı davam edirsə və ana bunun səbəbini aydınlaşdıra bilmirsə, onda mütəxəssisə - həkim və ya psixoloqa müraciət etməlidir. Uşağı qorxutmaq praktikası onun fiziki və psixiki inkişafına ölçüyəgəlməz dərəcədə ziyan vurur və gözləndiyinə zidd olaraq əks səmərə verir. Həyəcan və qorxu hissi uşağın əsəb sistemini zəiflədir.

Uşaq psixoloqu Alidə Quliyeva bildirib ki, xüsusən də analar çox zaman övladılarını qorxutmaq üçün real olmayan, qorxunc xəyali varlıqlar yaradır və uşağa onunla hədə-qorxu gəlirlər: "Valideynlər daha çox "Sakit otur, yoxsa, xoxan gəlib səni yeyər. Yeməyini ye, yoxsa, cin gəlib səni aparar" və.s tipli cümlələrdən istifadə edirlər. Valideyn üzərinə düşən əsas vəzifə uşağın tərbiyyəsi zaman belə "köməkçi obrazlar"dan istifadə etməkdənsə, özü uşağa səhv hərəkətinin səbəbini izah etməli, bunun hansı nəticələrə gətirib çıxaracağını başa salmalıdır. Kimdənsə qorxmaq, qorxu altında böyümək həm də uşaqların özlərinə olan inamını sarsıdır. O gələcəkdə hansısa bir addım atdığı zaman kiminsə onu günahlandıracağını, tənqid edəcəyini düşünür. Buna görə də cəsarətsiz olur. Hətta bu cür təzyiq altında böyüyən uşaqlar 5-10 yaşları olmasına baxmayaraq, özləri təkbaşına ayaqyoluna belə getmir, getdikləri hər yerdə valideynlərinin yanlarında olmasını istəyirlər".

Nigar Orucova

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31