Bu gün Azərbaycan mediası, kütləvi informasiya vasitələri özünün inkişaf mərhələsini yaşayır

Bu gün Azərbaycan mediası, kütləvi informasiya vasitələri özünün inkişaf mərhələsini yaşayır

Siyavuş Əmirli: "Bütün müsbət tendensiyalar ölkədə fikir, söz, məlumat və ifadə azadlığının daha da inkişaf etdirilməsi fonunda baş verir"

Ölkədə mətbuatın, kütləvi informasiya vasitələrinin durumu, fikir, söz və məlumat azadlığının mövcud vəziyyəti, eləcə də bu istiqamətdə atılan məqsədyönlü addımlarla bağlı news12.az saytının baş redaktoru Siyavuş Əmirlinin "OLAYLAR"-a müsahibəsi

  • -Siyavuş müəllim, günümüzdə Azərbaycan mediasının durumunu necə qiymətləndirirsiniz?

-Mən deyərdim ki, bu gün Azərbaycan mediası, kütləvi informasiya vasitələri özünün inkişaf mərhələsini yaşayır. Daha dəqiq desək, ötən əsrin 90-cı illərindən inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin inkişaf dövrü, prosesləri bu gün bir qədər də irəli gedir, müsbət dinamika alır. Bu da ümumilikdə Azərbaycanda mətbuatla yanaşı, eyni zamanda fikir, söz, məlumat və ifadə azadlığının da inkişaf etdiyi qənaətini ortaya qoyur.

  • -Bəzən müstəqillik dövründə Azərbaycan mediasının inkişaf dövrünü bir neçə mərhələyə bölürlər. Siz bununla razısınızmı?

-Mən də hesab edirəm ki, müstəqillik dövründə Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin inkişaf dövrü bir neçə mərhələdən ibarət olub. Müstəqilliyimizin ilk illərində mediamız, kütləvi informasiya vasitələri o qədər də inkişaf etməmişdi. Rəsmi olaraq Azərbaycan öz müstəqilliyini elan etsə də,  hələ də sovetlərin təzyiq vasitələri mövcud idi. Eyni zamanda idarəetmə sisteminin keçmiş sovetlərdən qalma formada davam etməsi, mərkəzi hakimiyyətdə oturanların hələ də Moskvaya bağlı olması, oranın əmr və tapşırıqlarını can-başla həyata keçirməsi, hər bir sahə kimi mətbuat sahəsinə də təsirsiz ötüşmür, bu sahədə ciddi problemlər yaradırdı. Xalq, cəmiyyət yenilik, yeni fikirlər tərəfdarı olduğundan cəmiyyətin, xalqın sifarişinə uyğun olaraq kütləvi informasiya vasitələri dərc etmək, ictimaiyyəti məlumatlandırmaq kimi müqəddəs bir missiyaya start verilmişdi. Lakin qeyd etdiyim kimi, hələ də mövcud olan keçmiş sovet üsul idarəçiliyinə məxsus idarəetmə sistemi, sovetlərdən qalan bir sıra bürokratik əngəllər xalqın azad, demokratik fikir əldə etmək, onu mənimsəmək, maariflənmək kimi istək və arzularını gözündə qoyurdu. Bu mənada müstəqilliyimizin ilk illərində Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının mövcud olduğunu söyləmək yersiz idi. Ona görə də müstəqilliyimizin ilk illərini Azərbaycan mediasının  ən çətin dövrü, mərhələsi kimi xarakterizə edirlər.

  • -Bəs, Azərbaycan mediasının inkişaf mərhələsinin sonrakı dövrü nə vaxta təsadüf etdi?

-Azərbaycan mediasının inkişafının sonrakı dövrü ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonraya təsadüf etdi. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev bütün istiqamətlərdə olduğu kimi media, kütləvi informasiya vasitələri ilə iş sahəsində də inqilabı addımlar atdı. Bu istiqamətdə Heydər Əliyevin atmış olduğu ən mühüm addım sovetlərdən qalan senzura sisteminin ləğv edilməsi oldu. Hər kəsə məlumdur ki, senzuranın ləğvinə qədər kütləvi informasiya vasitələrində, qəzetlərdə dərc edilən bütün yazılar senzuradan keçir, nəticə etibarilə bu qurum qəzetlərdə çap olunması nəzərdə tutulan bəzi yazıların ictimailəşməsinə qadağa qoyurdu. Bu da bir sıra hallarda qəzet səhifələrinin ağ çıxmasına səbəb olurdu. Ancaq Azərbaycan artıq müstəqil dövlət olduğu üçün belə bir qurumun mövcudluğu da absurd idi. Məhz ümummilli lider Heydər Əliyev bu prizmadan çıxış edərək 1998-ci ildə senzuranı ləğv etdi. Bu həm də Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin olunması istiqamətində atılan ilk mühüm addımlardan idi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin atmış olduğu bu mühüm addım həmin dövrdə təkcə ölkə daxilində deyil, eləcə də Azərbaycandan kənarda böyük rezonans doğurdu, müsbət qiymətləndirildi. Artıq beynəlxalq aləm, dünya birliyində belə bir fikir formalaşdı ki, Azərbaycanın müstəqilliyi təkcə kağız üzərində deyil və onun əməldə sübut olunması istiqamətində də müvafiq addımlar atılır. Bir sözlə Azərbaycan demokratik cəmiyyətlərə xas olaraq bütün prinsiplərə sadiqdir və bu prinsipləri daha da inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atacaq.

  • -Yalnız senzuranın ləğvi Azərbaycanda media, kütləvi informasiya vasitələrinin inkişafına təkan verdi?

-Əlbəttə ki, yox. Senzuranın ləğvi sadəcə media, kütləvi informasiya vasitələrinə öz fikrini azad və sərbəst şəkildə cəmiyyətə çatdırmaq üçün yaradılmış bir imkan idi. Ancaq kütləvi informasiya vasitələrinin maddi - texniki bazası hələ də olduqca zəif, hətta deyərdim ki, acınacaqlı idi. Ölkədə işıq üzü görən qəzetlərin Azərbaycan Nəşriyyatına külli miqdarda borcu yığılıb qalmışdı. Həmin vəsaiti ödəyə bilməyən bir sıra qəzetlər artıq bağlanma, öz nəşrini dayandırmaq təhlükəsi qarşısında qalmışdı. Yenə də kütləvi informasiya vasitələrinin köməyinə ümummilli lider Heydər Əliyev çatdı və həmin dövrdə ölkədə çap edilən kütləvi informasiya vasitələrinin maddi texniki durumunun acınacaqlı vəziyyətdə olduğunu təhlil edən ulu öndər Azərbaycan mediasının inkişaf etdirilməsinə xidmət edən daha bir mühüm addım atdı və qəzetlərin Azərbaycan Nəşriyyatına olan borcları müvəqqəti olaraq donduruldu. Ulu öndərin bu qərarı həmin dövrdə ölkədə işıq üzü görən kütləvi informasiya vasitələri üçün demək olar ki, nəfəs verdi, onların ayaqda durmasına, oxucu kütləsini itirməməsinə imkan yaratdı. Sonrakı dövrdə kütləvi informasiya vasitələri təsis etmək üçün mövcud olan bəzi bürokratik əngəllərin aradan qaldırılması da ölkədə media, mətbuatın inkişafına hesablanmış addımlardan idi. Artıq kütləvi informasiya vasitələri özlərinə ümummilli lider Heydər Əliyevin timsalında bir himayədar tapmışdı və Azərbaycan mediası tədricən inkişaf edirdi. Məhz yuxarıda qeyd etdiyim məqamın, kütləvi informasiya vasitəsi təsis etmək üçün mövcud olan bir sıra bürokratik əngəllərin aradan qaldırılması qısa müddətdə Azərbaycanda yeni müstəqil mətbu orqanların təsis edilməsi, işıq üzü görməsinə gətirib çıxartdı. Bu amilin özü də Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin olunması, onun inkişaf etdirilməsinə xidmət edirdi. Qeyd etdiyim kimi, media, kütləvi informasiya vasitələri sahəsində atılan bütün bu addımlar beynəlxalq aləm, dünya birliyi, Avropa və Qərbdəki siyasi təsisatlar, təşkilat və qurumlar tərəfindən diqqətlə izlənilir, təqdir olunurdu. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, müstəqil Azərbaycan Respublikasında kütləvi informasiya vasitələri, mətbuatın inkişafı sırf ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və təməli sağlam qoyulan bu proses günümüzdə də uğurla davam edir.

  • -Belə demək mümkünsə günümüzdə Azərbaycanda kütləvi informasiya vasitələri, medianın inkişaf etdirilməsi tendensiyası ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi düzgün yolla davam edir?

-Tamamilə doğrudur. Vaxtılə ümummilli lider Heydər Əliyevin media, kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğı, bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində atmış olduğu addımlar  günümüzdə Cənab Prezident İlham Əiyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının ölkədə nəşr edilən kütləvi informasiya vasitələri, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarını tamamilə ləğv etməsi timsalında bunu aydın görmək mümkün idi. Ölkəyə rəhbərlik etdiyi ilk illərdə Cənab Prezident İlham Əliyev tərəfindən atılmış bu mühüm addım bir daha onu deməyə əsas verirdi ki, ümummilli lider Heydər Əliyevin mətbuata göstərdiyi diqqət və qayğı Cənab İlham Əliyev tərəfindən də davam etdiriləcək. Sonrakı illərdə dövlət başçısının mətbuatın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlar, qəzetlərə birdəfəlik yardımların ayrılması, eləcə də kütləvi informasiya vasitələrində çalışan əməkdaşlara fəxri adların verilməsinin təmin edilməsi dövlətin, eyni zamanda şəxsən dövlət başçısının mətbuata, kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğının təzahürü idi. Bu dövr həm də Azərbaycan mediasının yeni bir mərhələyə, yeni bir inkişaf dövrünə qədəm qoyduğunu göstərirdi. Bir sözlə Azərbaycan jurnalistləri Heydər Əliyevdən sonra Cənab Prezident İlham Əliyevin timsalında özlərinə yeni bir himayədar tapmışdılar və dövlət başçısı İlham Əliyev də ümummilli lider Heydər Əliyevin bu sahədə müəyyən etdiyi strategiya, yolu uğurla davam etdirirdi. Bütün bunların məntiqi nəticəsi idi ki, Azərbaycan jurnalistləri bir neçə dəfə Cənab Prezident İlham Əliyevi özlərinin dostu elan etdilər. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin mətbuata, media işçilərinə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi, ali zirvəsi isə jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atmış olduğu addım oldu və dövlət başçısının imzaladığı müvafiq sərəncamlar əsasında jurnalistlər üçün iki çoxmərtəbəli yaşayış binası tikilib istifadəyə verildi və daha bir binanın tikintisi yekunlaşmaq üzrədir. Bütün sadaladığım müsbət tendensiyalar ölkədə fikir, söz, məlumat və ifadə azadlığının daha da inkişaf etdirilməsi fonunda baş verir.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31