Azərbaycanda bütün azadlıqlar, o cümlədən fikir, söz və məlumat azadlığı tam təmin olunur
Azərbaycanda bütün azadlıqlar, o cümlədən fikir, söz və məlumat azadlığı tam təmin olunur
7 Fevral 2020 13:41 SosialSivil cəmiyyətlər, demokratik ölkələrin başlıca göstəricilərindən biri də heç şübhəsiz ki, demokratik prinsiplərə əməl etmək, bu prinsiplərin inkişafına nail olmaqdır. Demokratik prinsiplər dedikdə isə, ilk növbədə ağıla insan hüquq və azadlıqları, fikir, söz, məlumat və ifadə azadlığı, eləcə də plüralizm gəlir. Əgər Azərbaycan reallığında mövcud vəziyyətə diqqət etsək və günümüzdə ölkədə yuxarıda adlarını qeyd etdiyimiz prinsiplərin nə dərəcədə qorunub saxlanıldığını araşdırsaq, o zaman hər birimizi qane edə biləcək mənzərə ortaya çıxacaq. Yəni, tam əminliklə deyə biləcəyik ki, müstəqil Azərbaycan Respublikasında bütün demokratik prinsiplər qorunub saxlanılır, təmin edilir, eyni zamanda bu prinsiplərin daha da inkişaf etdirilməsi istiqamətində davamlı səylər göstərilir, ortaya siyasi iradə qoyulur.
Fikir, söz, ifadə və məlumat azadlığı sahəsində hazırda ölkədə mövcud olan vəziyyətə diqqət etsək, verdiyimiz qiymət müsbət ola bilər. Çünki günümüzdə media, mətbuat, kütləvi informasiya vasitələrinin fəaliyyətində hər hansı maneələr, onların dərcinə əngəllər, yaxud ictimaiyyətə çatdırdıqları məlumat, yazı və məqalələrə sədlər tətbiq edilmir. Ölkədə işıq üzü görən hər bir mətbu orqan, kütləvi informasiya vasitəsi istənilən mövzunu qabardır, ictimailəşdirir, onu oxucuya çatdırır. Heç bir mətbu orqan ictimailəşdirdiyi bu və ya digər mövzuya görə təzyiqə məruz qalımır, ona basqılar edilmir. Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı o qədər genişdir ki, o qədər inkişaf edib ki, nəinki müxalifət mediası, kütləvi informasiya vasitəsi, eləcə də hakimiyyətə yaxın mətbu orqanlar, qəzet və dərgilər ölkədə mövcud olan bu və ya digər sosial problemi, cəmiyyəti narahat edən məsələləri, hətta bəzi hallarda üzə çıxan məmur özbaşınalığını açıq şəkildə ictimailəşdirir, onu cəmiyyətə, oxucuya çatdırır. Eyni zamanda hakimiyyətə yaxın bir sıra mətbu orqanlar, belə demək mümkünsə dövlət qəzetləri belə hər hansı bir dövlət qurumunun yarıtmaz fəaliyyətini tənqid etməkdən çəkinmir. Bu da heç şübhəsiz ki, ölkədə mövcud olan fikir, söz, məlumat və ifadə azadlığından irəli gəlir. Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin olunması, onun daha da inkişaf etdirilməsinin əsas maraqlı tərəflərindən biri də kütləvi informasiya vasitələri ilə yanaşı, dövlət və onun rəhbəridir. Mübaliğəsiz şəkildə tam əminliklə deyə bilərik ki, Azərbaycan dövləti və onun rəhbəri, Cənab Prezident İlham Əliyev ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin olunmasına ən maraqlı olan şəxsdir. Əks təqdirdə hazırda Azərbaycanda kütləvi informasiya vasitələrinin durumu, vəziyyəti tamam fərqli olardı. Ancaq hazırda bizim müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı Azərbaycan dövləti, şəxsən onun Prezidenti Cənab İlham Əliyevin bu istiqamətdə atdığı addımlar, kütləvi informasiya vasitələrinə yaratdığı imkanlar nəticəsində daha da inkişaf edir, tərəqqiyə doğru istiqamət alır.
Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev birbaşa ölkədə fikir, söz, ifadə və məlumat azadlığının təmin olunmasında maraqlıdır və dövlət başçısı ölkəyə rəhbərlik etdiyi ilk günlərdən istər kütləvi informasiya vasitələrinin rəhbərləri, qəzet redaktorları, istərsə də müxtəlif media qurumları və təşkilatlarının nümayəndələri ilə keçirdiyi görüşlərdə, yerli və xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə bu fikri açıq şəkildə ifadə edib, həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Məsələn, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Milli Mətbuatın yaranmasının 140 illiyi ilə bağlı Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini qəbul edərkən də qeyd etdiyimiz məsələyə diqqət çəkərək bir daha öz qətiyyətli mövqeyini ortaya qoymuş, mətbuatla bağlı fikirlərini ifadə etmişdi: "Bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb. Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir. Bir daha demək istəyirəm ki, demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Bir daha demək istəyirəm, həm jurnalistlər bunu bilsinlər, həm bizim ictimaiyyət də bir daha Azərbaycanın rəsmi mövqeyini eşitsin ki, Azərbaycanda gələcəkdə də bütün azadlıqların təmin olunması siyasəti davam etdiriləcək. Bu, bizim üçün prioritet məsələdir və ölkəmiz məhz bu yolla uğurla inkişaf edə bilər".
Qeyd etdiyimiz kimi, kütləvi informasiya vasitələri, mətbuatın cəmiyyətdə, ayrı-ayrı dövlət qurumlarında mövcud olan problemləri, məmur özbaşınalığını ictimailəşdirməsində əsas maraqlı tərəflərdən biri də məhz dövlət başçısı Cənab İlham Əliyevdir. Dəfələrlə etdiyi çıxışlarında, verdiyi müsahibələrdə, həmçinin keçirdiyi görüşlərdə kütləvi informasiya vasitələrinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirən Cənab İlham Əliyev əslində bu kimi fikirləri ilə media nümayəndələrinə stimul verməklə yanaşı, həm də onların arxasında durduğunu açıq şəkildə ortaya qoymuş, bununla bağlı mövqeyini ifadə etmişdir. Elə yuxarıda qeyd etdiyimiz tədbirdə, 21 iyul, 2015-ci ildə Milli Mətbuatın yaranmasının 140 illiyi ilə bağlı Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini qəbul edərkən Prezident İlham Əliyev bu mövqeyini açıq şəkildə ortaya qoymuşdur. Necə ki, bir neçə il əvvəl jurnalistlər üçün tikilmiş hündürmərtəbəli yaşayış binasının istifadəyə verilməsi mərasimi zamanı etdiyi çıxışda dövlət başçısı jurnalistləri özünün köməkçisi kimi səciyyələndirmişdi. Eləcə də 2015-ci ildə həmin görüş zamanı Cənab Prezident kütləvi informasiya vasitələri nümayəndələrinin fəaliyyətini təqdir etmişdi: "Bizim mətbuatımız ölkədə gedən müxtəlif proseslərlə bağlı operativ məlumat verir. Onu da qeyd etməliyəm ki, bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurlar olanda, yaxud da, hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu, mənim üçün də çox əhəmiyyətlidir. Çünki yəqin, siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə, bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə, Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı, bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə ölçü götürülməlidir. Ona görə, sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm. Bu, belə də olmalıdır, çünki ölkədə həllini gözləyən problemlər hələ ki, çoxdur. Bir çox məsələlər öz həllini tapıbdır. Ancaq hələ ki, həm siyasi islahatlarla, iqtisadi inkişafla bağlı görüləsi işlər çoxdur. Hesab edirəm ki, xüsusilə, idarəetmə sistemində islahatlar daha da dərinləşməlidir". Yaxud Cənab Prezidentin çıxışının digər bir hissəsinə diqqət edərkən də aydın şəkildə görürük ki, dövlət başçısı ölkədə KİV-lərin fəaliyyətinə xüsusi diqqət yetirir, onları təqdir edir: "Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə, mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq".
Dövlətin, şəxsən dövlət başçısının media, kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğı, bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, ən əsası Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığının daha da inkişaf etdirilməsi məqsədilə ortaya qoyduğu siyasi iradə mətbuat nümayəndələrinə imkan verməməlidir ki, yaradılmış bu vəziyyətdən sui-istifadə etsinlər. Yaxud hər şeyə qərəzlə yanaşıb, qeyri-obyektiv mövqe ortaya qoysunlar. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qeyd etdiyi kimi hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir