Klassik Dillər və Mədəniyyətlər İnstitutu yaradıldı
Klassik Dillər və Mədəniyyətlər İnstitutu yaradıldı
5 Fevral 2020 11:09 SosialAzərbaycan Dillər Universitetində Klassik Dillər və Mədəniyyətlər İnstitutu yaradılıb. Olaylar.az bildirir ki, ali təhsil ocağının Elmi Şurasının qərarı ilə ölkədə ilk dəfə yaradılan institutun fəaliyyəti çoxşaxəli və səmərəli olacaq. Universitetin rektoru akademik, Xalq yazıçı Kamal Abdulla Klassik Dillər və Mədəniyyətlər İnstitutunun yaradılmasının Azərbaycanın filologiya, humanitar elmlər sahəsində oynayacağı böyük roldan danışıb. Rektor qeyd edib ki, institutun yaradılması çoxdan planlaşdırılan məsələ olub.
Akademik Kamal Abdulla əlavə edib ki, klassik dillər və mədəniyyətlər filologiyanın çox böyük məsələsidir. Bu dillərə ilk növbədə latın dili, qədim yunan dili, sanksrit daxildir: "Bundan başqa qədim pəhləvi dili, qədim Çin dili də var. Bu dilləri öyrənmədən, bilmədən, onlar haqqında təsəvvürə malik olmadan müasir filologiyanın sirlərinə bələd ola bilməzsən. Filologiya klassik dillərin tədrisi olmadan tam və bütöv şəkildə filologiya ola bilməz. Bu mənada universitetimizdə hələlik dörd dillə klassik dillərin öyrədilməsinə başlamaq niyyətindəyik. Əsas məsələ odur ki, biz təkcə bu dilləri öyrənməyəcəyik, qeyd etdiyim kimi, bu dillərin özü ilə gətirdiyi mədəniyyətləri öyrənəcəyik. Ona görə də bu dilləri tədris edən mütəxəssislərin hərtərəfli formalaşmış mütəxəssislər olmasına ehtiyac var. Müxtəlif ölkələr, onların universitetləri ilə, o ölkələrin bizdəki səfirləri ilə faydalı danışıqlar aparmışıq. Hindistan, İtaliya, Rumıniya, Çin, Yunanıstan səfirlikləri bizə bu istiqamətdə kömək edəcəklər. Bu ölkələrin universitetlərində qeyd etdiyim dillərin mütəxəssisləri var. İnanıram ki, ilk dəfə ADU-da yaradılan Klassik Dillər və Mədəniyyətlər İnstitutu humanitar elmimizə, filoloji düşüncəmizə çox böyük xidmət olacaqdır".