Çində təhsil alan azərbaycanlı tələbə- “İndiyə qədər müsəlman yeməkxanalarından başqa heç yerdə yemək yeməmişəm” -EKSKLÜZİV

Eşqin Məhəmmədli: "Bizə icazə verilib, semestr təxirə salınıb"

Çin sarsıdıcı ölüm virusu ilə baş-başadır. Ölkənin Vuhan şəhərində meydana gələn Koronavirusu nəticəsində indiyə qədər həlak olanların sayının yüzlərlə ölçüldüyü bildirilir. Ümumilikdə isə ölkə ərazisində təxminən 2,5 min nəfərin bu virusa yoluxduğu barədə xəbərlər yayılıb. Virus artıq Çindən başqa, Cənubi Koreya, Yaponiya, Birləşmiş Ştatlar, Tayland, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya və Malayziyada da qeydə alınıb.

Artıq virus səbəbindən bir sıra ölkələr Çinə hava uçuşlarını təxirə salıb. Eyni zamanda Çinlə həmsərhəd ölkələrin virus səbəbindən bu ölkə ilə sərhədləri bağladığı da bildirilir. Paralel ölaraq Çindən dünyanın müxtəlif ölkələrinə ixrac edilən mal və məhsullara da qadağa qoyulub.

Qeyd edək ki, Koronavirus səbəbindən Azərbaycanda da müəyyən təhlükəsizlik tədbirləri həyata keçirilib. Eyni zamanda bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin də ölkəmizə gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Çində təhsil alan bir qrup azərbaycanlı tələbə Türkiyəyə məxsus təyyarə ilə qardaş ölkəyə, oradan isə Azərbaycana gətirilib. "OLAYLAR"-ın əldə etdiyi xəbərə görə, buna rəğmən hələ də Çin Xalq Respublikasında qalan azərbaycanlı tələbə var. "OLAYLAR" İnformasiya Agentliyi olaraq onlardan biri, Eşqin Məhəmmədli ilə əlaqə saxlamağa nail olduq. Çinin Tianjinde şəhərində yerləşən Tianjin universitetində təhsil alan Eşqin Məhəmmədli deyir ki, sözügedən şəhər virusun yayıldığı Vuhan şəhərindən çox aralıda yerləşir və buna görə də o qədər də təhlükəli tendensiya mövcud deyil.

-Eşqin, hazırda sən yaşadığın şəhərdə vəziyyət necədir?

-Açığı bu söhbət meydana çıxandan, virusun yayılmasından sonra heç şəhərə getməmişəm. Məlumat üçün qeyd edim ki, bizim yaşadığımız şəhər virusun yayıldığı Vuhan şəhərindən 1000 kilometr məsafədə yerləşir. Eyni zamanda bizim universitetin kampusu da şəhərdən kənar bir yerdə yerləşir. Ona görə də şəhərdəki vəziyyəti bilmirəm. Ancaq bura hələ ki, ən təhlükəsiz yerlərdən biridir. Biz universitetdən və onun kampusunda kənara çıxmırıq. Qıdalanma da məhz universitetin kampusu daxilində həyata keçirilir.

-Ancaq virus səbəbindən ölkədə həyata keçirilən təhlükəsizlik tədbirlərindən məlumatın olar?

-Əlbəttə. Virus səbəbindən hər yerdə ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir.

-Bəs, Azərbaycana qayıtmaq barədə düşünmürsən? Çünki Çində təhsil alan azərbaycanlı tələbələrin əksəriyyəti ölkəyə qayıdıb

-Mən fevralın 7-də Azərbaycana qayıdacam.

-Dövlət xətti ilə gələcən, yoxsa şəxsi vəsaitin hesabına?

-Xeyr, özümüz gələcəyik. Özüm bilet aldım.

-Artıq bir sıra ölkələr Çinə uçuşları təxirə salıb. Sirr deyilsə, Azərbaycana necə gələcəksən?

-Artıq təyyarə biletini almışam və Pekin-Moskva-Bakı marşrutu üzrə inşallah Azərbaycana gələcəm.

-Sizə rəsmi şəkildə icazə verilib, yoxsa dərslərdə olmamamığınız səbəbindən problem yaşanacaq?

-Xeyr, icazə verilib, semestr təxirə salınıb.

-Bəs, rəsmi səviyyədə, səfirlik və ya digər diplomatik nümayəndəlik vasitəsilə sizinlə əlaqə yaradılıb, vəziyyətiniz barədə məlumat öyrənilibmi?

-Bəli. Bu yaxınlarda konsul əlaqə saxladı.

-Bilirsənmi ki, Çindən Azərbaycana gələn hər kəsi ciddi şəkildə yoxlayır, ehtiyac yaranacağı təqdirdə nəzarətə alırlar.

-Bəli, məlumatım var. Buradan Azərbaycana gedən tələbələrlə əlaqə saxlamışam, hər biri evlərindədirlər. Təbii ki, qabaqlayıcı tədbirlər olaraq temperaturu yoxlayır, orqanizmdə hər hansı virusun olub-olmadığını müəyyənləşdirirlər. Heç bir problem olmadığı təqdirdə evə buraxırlar.

-Artıq bir neçə ildir ki, Çində təhsil alırsan. Oranın əcaib yeməklərindən qidalanmısanmı?

-İndiyə qədər müsəlman yeməkxanalarından başqa heç yerdə yemək yeməmişəm.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31