Konstitusiya Məhkəməsi hesabat iclası keçirib

Konstitusiya Məhkəməsi hesabat iclası keçirib

Yanvarın 28-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının 2019-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, iclası açan Sədr Fərhad Abdullayev ötən il daxil olmuş sorğu, müraciət və şikayətlərlə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu tərəfindən bir sıra mühüm qərarların qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə bundan başqa 2019-cu ilə dair sorğu və müraciətlər də daxil olub. Hesabat dövründə ümumilikdə 2850 şikayət, o cümlədən 909 şikayət onlayn qaydada daxil olub. Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsinin rəsmi saytı vasitəsilə daxil olan onlayn ərizə və məktubların sayında artım müşahidə edilib. Konstitusiya Məhkəməsi Plenumunun qərar və qərardadlarında mülki, cinayət, əmək, vergi və hüququn digər sahələrində yaranmış hüquqi kolliziyalara dair Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları nöqteyi-nəzərindən hüquqi qiymət verilib.

İclasda Aparat rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə və sektorları müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, Məhkəmə tərəfindən qəbul edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib. Sədr qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı ölkə Konstitusiyasında və Fərmanda əks olunmuş əhəmiyyətli aspektlər Konstitusiya Məhkəməsinin fəaliyyəti üçün mühüm istiqamətləri müəyyənləşdirib. Fərhad Abdullayev bildirib ki, dövlətimizin başçısının bu Fərmanı məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanması üçün mühüm hüquqi təməldir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31