Qanunsuz verilmiş torpaq sahələri sahibliyinə geri qaytarılıb
Qanunsuz verilmiş torpaq sahələri sahibliyinə geri qaytarılıb
28 Yanvar 2020 13:19 SosialƏdliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım, inzibati nəzarət sahəsində 2019-cu il ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib. Nazirliyin Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafını, dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, ədliyyə sahəsində də həyata keçirilən islahatların önəmini vurğulayıb. Sonra Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov Mərkəzin 2019-cu il ərzindəki fəaliyyəti barədə məruzə ilə çıxış edib. Bildirilib ki, 2019-cu il yerli özünüidarəetmə orqanlarının formalaşmasının 20 illiyi, eləcə də bələdiyyə seçkilərinin uğurla keçirilməsi ilə yadda qalıb və hər iki hadisə ilə bağlı nazirlik tərəfindən geniş maarifləndirmə işi aparılıb.
Ötən il bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət sahəsində davamlı tədbirlər görülüb. Daxil olmuş bələdiyyə aktlarına inzibati nəzarət həyata keçirilərək qanunvericiliyin tələblərinə zidd olan aktların ləğv edilməsi və ya dəyişdirilməsi üçün bələdiyyələrə təkliflər, eləcə də bələdiyyələr tərəfindən təmin edilməyən təkliflərlə bağlı məhkəmələrə iddialar verilib. Həmçinin qanunsuz olaraq verilmiş torpaq sahələri bələdiyyə mülkiyyətinəvə ya sahibliyinə geri qaytarılıb.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətinin vaxtında təqdim edilməməsi və araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən bir sıra bələdiyyələrin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilib. İnzibati nəzarət icraatı qaydasında aparılmış və cinayət əlamətləri aşkar edilən inzibati araşdırmalar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına təqdim edilib.