Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub

Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin sabitlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının qarşısına qoyulmuş vəzifələrin nümunəvi yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu mühüm dövlət tədbirinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində ictimai asayişin etibarlı qorunması mühüm amillərdən biridir. "Olaylar" xəbər verir ki, bu fikirlər Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar yanvarın 27-də Şəki şəhərində keçirilən regional seminar-müşavirədə səsləndirilib. Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir seçki prosesində, eləcə də səsvermə günü polisin xidməti fəaliyyətini, polis orqanları ilə seçki komissiyalarının qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, bu istiqamətdə görülmüş işlərin səmərəliliyini daha da yüksəltmək məqsədi daşıyıb.

Seminar-müşavirədə MSK-nın üzvləri, Daxili İşlər Nazirliyinin əməkdaşları, Şəki-Zaqatala bölgəsində, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi üzrə dairə seçki komissiyasının sədrləri, 11 şəhər və rayon polis orqanlarının nümayəndələri iştirak ediblər. Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi, polkovnik Azər Muradov və MSK-nın üzvü Tofiq Həsənov çıxış edərək bildiriblər ki, ölkəmizdə seçkilərin keçirilməsi sahəsində böyük təcrübə qazanılıb. Əminliklə qeyd etmək olar ki, Milli Məclisə seçkilər də əvvəlki illərdə olduğu kimi, yenə də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçiriləcək.

Sonra MSK-nın üzvü Tofiq Həsənov "Seçki qanunvericiliyi, seçki komissiyalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri. Seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyəti əsasları" mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, MSK Milli Məclisə seçkilər ərəfəsində maarifləndirmə tədbirlərinə xüsusi diqqət ayırır. Belə seminar-müşavirələrin seçki hüququnun həyata keçirilməsində ictimaiyyətin, seçicilərin, bütün seçki subyektlərinin maarifləndirilməsi baxımından xüsusi əhəmiyyəti var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31