29 saylı Səbail seçki dairəsində maarifləndirici treninqlər təşkil edilib
29 saylı Səbail seçki dairəsində maarifləndirici treninqlər təşkil edilib
27 Yanvar 2020 15:27 SosialYanvarın 27-də 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün üçgünlük maarifləndirici treninqlər təşkil edilib. "Olaylar"xəbər verir ki, təlimlərdə məntəqə seçki komissiyalarının sədrləri və üzvləri iştirak ediblər. Dairə seçki komissiyasının sədri Cahangir Məmmədov fevralın 9-da ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərə hazırlıqlarla əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində MSK-nın müvafiq təlimatı və tövsiyəsi əsasında təşkil edilən treninqlərin mühüm əhəmiyyətə malik olduğunu bildirib. O qeyd edib ki, bu təlimlər seçkilərin şəffaf və qanunamüvafiq təşkili üçün önəm daşıyır. Burada seçkilərə hazırlığın gedişi haqqında aydın və hərtərəfli məlumat verilir.
Diqqətə çatdırılıb ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, seçkilər sahəsində bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə MSK-nın Treninq Qrupu tərəfindən təlimlər cədvəli, eləcə də seçki günü əsas seçki hərəkətləri ilə bağlı slaydlar hazırlanıb. Aşağı seçki komissiyaları üçün treninqlər yanvarın 27-dən başlayıb və Səbail seçki dairəsi üzrə bütün məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün müvafiq qaydada üç gün müddətində davam edəcək. Tədbirdə trenerlər iştirakçıları səsvermə günü onların görəcəkləri işlər, seçki məntəqələrinin açılışına hazırlıqlar, səsvermə saatlarında reallaşdırılacaq tədbirlər barədə təqdimatlarla və slaydlarla izahlı şəkildə məlumatlandırırlar. Dairə üzrə treninqlər əyani vəsaitlərdən də istifadə edilməklə, kiçik qruplar şəklində - hər təlim sessiyasında 40 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilir. Eləcə də seçki günü qanunamüvafiq səsvermə hərəkətləri, eləcə də qanunsuz hərəkətlərin qarşısının alınması barədə məlumat verilir.