Qərbi Azərbaycanın Vedibasar mahalının ilahi ruh ocaqları və yaxud “Ermənistanın sarkal coğrafiyası”nın uydurmaları

Naxçıvan Muxtar Respublikasının şimal hissəsini tutan Dərələyəz dağlıq silsiləsinin quzey yamaclarının ətəkləri Vedibasar mahalını əhatə etməklə Türkiyənin Qars vilayəti ilə qonşudur

İnzibati-ərazi baxımından 2090 kv.km ərazisini tutan  Vedi nahiyəsinə   (haylar adını dəyişib Ararat rayonu qoyub) 1951-ci ildə ləğv olunan Qarabağlar rayonunun da  torpaqları daxil edilmişdir. 

Mürtəce və irticaçı hay kilsəsinin və  daşnak sürüsünün  iftira və uydurmalara köklənən  beynəlxalq miqyaslı saxta nəşr təbliğatlarının ən geniş məkanı Rusiya Federasiyasının kütləvi informasiya vasitələri və elmi-tədqiqat mərkəzləri olduğundan hay mənşəli uydurma məlumatlara bu ölkədə daha geniş yer verilir. Təhlükəli hal odur ki, bu məkan hay kilsəsi üçün dünyaya açılan qapı timsalındadır,"ikinci nəfəs"- "beynəlxalq kürsü" rolunu oynayır. Bu baxımdan mərkəzi qərargahı Moskva şəhərində yerləşən L.Qumilyov adına Avrasiya və Skif Mərkəzində (onun ölkənin regionlarında yerləşən bölmələrində)  məruzələr və məqalələr şəkilində yayılan saxta məlumatlar (26 aprel 2017-ci ildə Mərkəzin "Bəyaz Hindistan" layihəsi üzrə rusiyalı dinşünas, səyyah V.Terexovun "Ermənistanın sarkal coğrafiyası" mövzusunda mühazirəsi olmuşdur) sırasında  qondarma "Ermənistanın sarkal coğrafiyası" mövzusu artıq xeyli müddətdir ki, dövriyyədədir. Məqsəd Qərbi Azərbaycan ərazisində minilliklər boyunca  müsəlman-türk dünyasının imzasını daşıyan   duyğusal-irfani ziyarət və ilahi ruhlu məqamları (islamaqədərki və islamdan sonrakı) hay sürüsünün inanc yerləri kimi dünyaya tanıtmaq və bu yolla ərazilərin həm də onlara məxsus olmaları barədə uydurma iddialarına beynəlxalq ictimaiyyəti  bir daha inandırmaq cəhdi  güdülür. Sıradan adi istək olmayan bu iftiranın saxtakarlığı isə həmin müqəddəs məkanların məhz müsəlman-türk dünyasının bir parçası olan Azərbaycan dövlətinə və onun kökənli xalqlarına məxsus olması ilə sübut olunmaqdadır.

Bu sıradan Vedibasar mahalı və Vedi nahiyəsi (eləcə də onun yaşayış məntəqələri)  ilə bağlı bilgilər bu mövzuda özündə böyük  zənginliyi əhatə etməklə, həm də xeyli əhəmiyyətlidir.

Nahiyənin Qaladibi  (İrəvan şəhərindən və Ağrıdağ dağından (5165 m) 35-40 km aralı yerləşir), Zimi (el qəhrəmanı Abbasqulu bəy Xanbaba bəy oğlu  Şadlinskini (1886-1930) bu kənddən 3 km-də günbatan tərəfdə dərədə vurmuşdular), Körpükənd, Xosrov, İmirzik, Gilanlar, Molla Əhməd, Qaranlıq, Ağkənd... kəndləri  qədim ziyarət ocaqları ilə fərqlənib.

Bir cəhətə diqqət yetirmək lazımdır ki, ümumilikdə Qərbi Azərbaycanda, o cümlədən Vedibasar mahalında  yayılmış dini-ruhsal coğrafi məkanlara aid oro və antro toponimlər bir daha sübut edir ki, bu ərazilərin yer adlarının etno-morfogenezisi məhz müsəlman-türk dünyasının tarixi-coğrafi-filoloji mənşəyini ifadə edir. Və bu mahalda Ağrı dağının ətəklərindən İrəvan şəhəri yaxınlığınadək (Gərni kəndinədək) uzanan bölgə -"Milli dərə"- özündə qədim adət-ənənələri, dini-ruhsal gələnəkləri, irfani ibadət ocaqlarının qoruyub saxlayan yaşayış məntəqələrini - Bayburt,Yellicə, Gilanlar, Kutus, Cığın, Gölaysor (bu kənddə 3-5 aysor ailəsi yaşayırdı), Körpükənd, Şuğayıb, Qaladibi, İmirzik, Molla Əhməd, Zimi... kəndlərini birləşdiriir.

Zimi kəndinin qəbirstanlığındakı bir qapılı dördkünc gümbəzin  (hündürlüyü  2,5 m, eni 2 m) daxilindəki qəbir ilahi məqama yaxınlığı ilə seçilən Kərbəlayı Həsənalı Şaloğlunun (1779-1854)  idi. Şaloğlu tayfası bellərinə şal bağladıqlarına görə belə adlanırdı və Cənubi Azərbaycandan köçüb gəlmiş tərəkəmə ailələrindən olub. Onun  25 yaşlı Mehdi adlı  oğlu (həmin gün onun övladı dünyaya gəlibmiş) gecə ikən, ilin qış çağında qarlı havada  Zimi çayını (kənddən 1 km aralıda) keçib ziyarətə gedib və atasının qəbri üsündə canını  ilahi ruhla qovuşdurub. Onun çayda əl-üzünü yuyarkən kənara sıçrayan su damcılarının donması  və bağlı qapıdan içəri keçməsi (bir neçə dəfə onu axtaranda qapı bağlı olub, axırda qapının qıfılı  açrlanda  onu məzarın üstündə tapıblar, atasının da yanında dəfn ediblər) və duasına ruhən qovuşması ilə bağlı el arasında kifayət qədər  deyimlər yayılmışdır. Bu müqəddəs məkana ətraf kəndlərin əhalisi  həmişə ziyarətə gələr, niyyətlərinin, diləklərinin qəbulu üçün üstündə dualar edər, qurbanlar kəsərdilər.  

İrəvan şəhərindən 25 km cənub-şərqə tərəf aralı olan Qaranlıq kəndinin (haylar adını dəyişib-indi Adyaman deyilir) günbatan səmtində, 2 km kənarda, açıq təpə-dağ  üstündəki gölün yanında (dərinliyi 250 m olardı) "Abduləsəd ocağı" var idi, ətrafında qədim qəbirstanlıq. Qəbir olmasa da ətrafı dağılmış çay daşları ilə əhatələnmiş, toparlanmış bu ziyarətgaha ətraf kəndlərin (Körpükənd, Çidəmli, Xosrov...) camaatı ilə yanaşı, haylar da gəlib, üstündə ancaq xoruz kəsirdilər.

Qaladibi kəndindən 1-2 km aralıda olan Körpükənd kəndində (bu kəndin əhalisi 1948-ci ildə Ağstafa rayonunun əvvəlcə Qırmızıkənd kəndinə, sonra isə  Zəlimxan kəndinə köçürülüb)  "Xəlifə Şahbaz ocağı" "közərirdi - ayın, ilin bütün çağlarında, üstündən dua-səna əskik olmazdı. Bu ocağın Yevlax rayonunda dəfn edilən  zümrələrinin məzarı indi Vedibasar mahalının camaatı tərəfindən ziyarət olunur.

Meyvə bağları ilə əhatələnən Körpükənd  yurdunun müqəddəs-irfani ruh sahiblərindən biri Mirəli Ağa idi. Onun adı ilə bağlı bu mahalda çoxlu sayda bilgilər yayılmışdır.

Bu deyimlərin birində söylənilir ki, 1946-cı ildə  Ağanı daşnaklar həbs edib İrəvan qalasına salmışdılar ki, Sən camaatı aldadırsan, onların pulunu alırsan, əqidələrini dəyişdirirsən." Bir az keçəndən sonra qala rəisi gözətçiyə deyir ki, get gör Kişi nə edir. Gözətçi qayıdıb gəlir ki, Kişi oturub çöldə daşın üstündə, qapı da bağlıdır. Bu dəfə rəis özü gedir Kişini yerləşdirir içəridə və qapının açarını özündə saxlayır. Və təkrar özü gedib  əvvəlki mənzərinin dübarə  şahidi olur. Sonra Ağanın  evinə aparılması barədə tapşırıq verir.

Ağa ailəsi və el-oba  ilə birlikdə 1948-ci ildə hay kilsəsinin və daşnak hakimiyyətinin tələbi ilə Qərbi Azərbaycandan Yevlax rayonuna deportasiya edilib, onun qəbri yaşadığı Malbinəsi kənd qəbirstanlığındadır və üstündə gümbəz tikilib.

Nahiyənin Xosrov kəndində yaşayan böyük din xadimi və irfan sahibi Ağaməmməd Məhəmməd oğlunun (1883-1978) sağlığında ocağı, vəfat etdikdən sonra məqamı  Vedibasar mahalının ziyarət yerlərindən biri idi. Bu kənddə yaşı bir neçə yüzə bərabər olan qala tikili haqqında da el arasında deyimlər mövcud idi. Həmin qala divarlarınından hayların tapdığı yazı parçasına görə hansısa padşah tərəfindən tikimiş bu qala onun qızının mühafizəsinə xidmət edib.

"Milli dərə"də qədim məbədlərdən biri Yellicə və Bayburt kəndləri arasındakı sıldırımlı qayalar, dağlar arasında  inşa edilmişdir, yaşı iki min ildən çox idi, ora ancaq yerli müsəlman-türk əhli ziyarət edirdi. Heç bir yolun, irzin mümkün olmayan yerində cilalanmış qara mərmər parçaları ilə tikilən bu məbədin hündürlüyü 10 m-ə çatırdı, sahəsi 100 kv.metr sahəni tuturdu.  İçərisində divarlar boyunca 7 hücrədə şamdan və litabdan qoyulmuşdu. Ziyarətə və ibadətə gələnlər bəzən orada gecələyirdilər, həyətində xüsusi yer vardı. Bu məbəd Yellicə kəndindən  1 km aralıdakı dağın düzəngah yerində idi.

Bayburt kəndindən də  3 km kənarda, çay dərəsinin üstündə (200 m aralıda)  əski məbəd tikili ətrafında  seyrək meyvə ağacları əkilmişdi. Kəndin ortasında da hündürlüyü 5-6 metr olan qədim Alban məbədi  qorunub saxlanılırdı. Tikilinin  aşağı hissəsi yeraltında idi.  Sovet hakimiyyəti illərində bura taxıl anbarı kimi istifadə edilirdi.

Nahiyənin ən müqəddəs dini məkanlarından biri də bu kənddəki  "Ərəb ocağı" hesab edilirdi. Bu ocaq həm də "Şeyx ocağı" idi, bünövrəsini VIII-IX əsrlərdə buraya köçüb gələn Seyid Abbas tərəfindən qoyulduğu deyilir.

"Milli dərə"nin camaatı ən çox bura ziyarətə gələrdi. Hətta ətraf kəndlərdə yaşayan  Seyidlər belə bu ocağa pənah gətirərdilər (Körpükənd kəndindən Seyid Murad, Kotuz kəndindən  Seyid Güldərviş...). Deyilənə görə ocağa yaxınlığdakı dağlardan, meşələrdən  heyvanlar (dağ kəli, marallar, ceyranlar...) yem-su dalınca gələrdi, daşları yalayardılar. Ocaq yiyələri onlara toxunmamağı tapşırmışdılar. "Ərəb ocağı"nın yaxınlığında Şeyx Həsənin, kənd qəbirstanlığında isə onun oğlu Şeyx Hüseynin məzarları da ziyarət edilən məkanlar idi, qəbirlərin üstündə gümbəz tikilmişdir.

Ocaq yiyələrindən Şeyx Abbas Şeyx Hüseyn oğlu (1887-1937) repressiya qurbanı olub, ailəsi isə Bərdə rayonunun Kətəlpapaq kəndinə köçürülüb, oğlu Seyid Qəşəmin (1924-1999) qəbri bu kənddədir. Seyid Qəşəm  "Ərəb ocağı"ndakı divara hörülmüş yazılı daş kitabəni də özü ilə bərəbər yaşadığı evdə saxlamışdır.                 

(Yazının hazırlanmasında Qərbi Azərbaycanın Vedi nahiyəsi, Bayburt kənd sakini Xanım Yusif qızı Əlirzayevanın (1937) və Qaladibi kənd sakini  Ofeliya Kərim qızı Cəfərovanın (1949) məlumatlarından  istifadə edilib.)

                                                     Qismət Yunusoğlu,

                             Bakı Dövlət Universitetinin müəllimi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31