Övladı zəlzələ bölgəsindən təxliyyə olunan jurnalist : “Dövlət öz böyüklüyünü bir daha göstərdi”

  •  

"Elazığda zəlzələ barədə xəbəri Türkiyə mətbuatından aldım. Mətbuat işçisi olmaq bu baxımdan həm də çətindir. Dərhal Fırat Universitetində oxuyan oğlum Araz Zamaniəlaqəyə cəhd etdim, alınmadı. İnternet, telefon əlaqəsi yaratmaq mümkün deyildi. Xəbərdarlıq edilmişdi ki, telefonları məşğul etməyək, çünki dağıntı altındakı insanlarla əlaqə saxlaya bilmək üçün xətlərin boş olması lazım idi. Narahatlığımı özünüz təsəvvür edərsiniz. Türkiyədəki dostlar çətinlikə də olsa əlaqə yaradıb salamatlıq olduğu xəbərini çatdırdılar. Daha sonra oğlumun özü ilə də danışdım. Bütün gecəni səhərə qədər azərbaycanlı tələbələrlə birlikdə küçədə qalıblar. Mümkün qədər dağıntıdan ziyan çəkənlərə kömək ediblər. Biz övladlarımızı zəlzələ bölgəsindən çıxarmağa çalışırdıq, öz imkanlarımız, xüsusilə mətbuat vasitəsilə vəziyyətlə bağlı narahatlığımızı çatdırdıq. Çünki şəhərdə 1 həftəlik fövqəladə rejim elan olunmuşdu, universitet zəlzələdən dərhal sonra açıqlama yaydı ki, imtahanlar qeyri-müəyyən müddətə təxirə salınır, tələbələr şəhəri tərk etsin. Biz problemi necə həll edəcəyimizi düşünərkən yanvarın 25-də məlumat aldıq ki, Prezident İlham Əliyev tələbələrin təxliyyəsi üçün göstəriş verib. Bir valideyn üçün bundan yaxşı xəbər ola bilməzdi. Həlak olanların üzüntüsünü yaşadığımız bir vaxtda bir tərəfdən də övladlarımızın təhlükəsizliyinin dövlət tərəfindən düşünüldüyünü görüb sevindik. Dövlət bir daha öz böyüklüyünü göstərdi".

Bunu "Cümhuriyət" qəzeti və Cebhe.info saytının redaktoru, övladı zəlzələ bölgəsindən təxliyyə edilən Elnarə Kərimova deyib.

O bildirib ki, qısa müddətdə tələbələrin təxliyyəsi üçün Azərbaycanın Türkiyədəki səfirliyi avtobuslar kirayələyib:

"Elə həmin gün axşam saatlarında tələbələr avtobusla Naxçıvana yola salındı. Övladımla və digər tələbələrlə mütəmadi əlaqə saxlayırdım. Mənə bildirdilər ki, yemək və digər zəruri ehtiyacları ödənilib, səfirlik və digər əlaqədar qurumlar onların təhlükəsiz şəkildə vətənə qaytarılması üçün səfərbər olub. Yolboyu tələbələrlə əlaqə saxlanılıb, ehtiyacları öyrənilib, Naxçıvanda da onları qarşılayıblar, eyni münasibət burada da göstərilib. Prezidentin göstərişinə uyğun olaraq xüsusi təyyarə ilə Bakıya yola salınıblar. Bütün bunlara görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya şəxsən öz adımdan, digər valideynlər və tələbələr adından təşəkkürümü bildirirəm. Dövlətin hər an vətəndaşının yanında olmasını hiss etmək xüsusilə belə çətin gündə daha da qiymətlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31