Regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
Regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 2020 17:17 SosialFevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində yanvarın 24-də Şəki şəhərində keçirilən regional seminar-müşavirədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair məsələlər ətraflı müzakirə olunub. Secki-"Olaylar" xəbər verir ki, Şəki şəhərindəki "ASAN xidmət" mərkəzində keçirilən seminar-müşavirədə MSK-nın üzvləri, müvafiq məhkəmə orqanlarının təmsilçiləri, eləcə də Şəki-Zaqatala bölgəsində, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi üzrə dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Seminar-müşavirə MSK-nın üzvü İlham Məmmədov, Ali Məhkəmənin hakimi Kəmaləddin Bədəlov və Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun açılış nitqləri ilə başlayıb. Bildirilib ki, Şəki ilə yanaşı, ölkənin daha bir neçə regionunda təşkil edilən seminar-müşavirələr müvafiq məhkəmə hakimləri və dairə seçki komissiyaları sədrlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi məqsədi daşıyır. Sonra MSK-nın üzvü Bəxşeyiş Əsgərov "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları" mövzusunda təqdimatla çıxış edib. Seminar-müşavirədə ATƏT-in Albaniyadan olan beynəlxalq müşahidəçisi də iştirak edib.