Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Fərmanın icrası davam etdirilir

Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Fərmanın icrası davam etdirilir

Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm "yol xəritəsi" olmaqla onun icrası üzrə ardıcıl tədbirlər görülür. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, ötən dövrdə Fərmanın icrası çərçivəsində yeni ixtisaslaşmış məhkəmələrin təşkili, cəza siyasətinin humanistləşdirilməsi, mülki prosessual qanunvericiliyin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə qərarlarının icrası və məhkəmə ekspertizası fəaliyyətinin yaxşılaşdırılması, habelə onların alternativ mexanizmlərinin, o cümlədən özəl icra və ekspertiza qurumlarının yaradılması və digər məsələlərlə bağlı 40-dək normativ aktın layihələri hazırlanıb. Artıq dövlət başçısının qanunvericilik təşəbbüsü ilə bir sıra yeni qanunlar qəbul olunub.

Həmçinin hakimlərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilib, məhkəmə fəaliyyətinin təminatı yaxşılaşdırılıb. Hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilələrin qarşısının alınması və s. üzrə mühüm işlər görülüb, o cümlədən məhkəmələrdə nizam-intizamın gücləndirilməsi ilə bağlı yoxlamalar və monitorinqlər intensivləşdirilib, bu məqsədlə Məhkəmə-Hüquq Şurasında "qaynar xətt və monitorinq sektorlar yaradılıb. Ötən müddətdə 50-ə yaxın məhkəmədə monitorinqlər aparılıb, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb.

Dövlət başçısının Fərmanı ilə artırılmış 200 hakim ştatlarının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə namizədlərin davamlı və daha çevik seçimi aparılır. Artıq imtahanlarında uğur qazanmış 200-ə yaxın hüquqşünas müsabiqənin növbəti mərhələlərində iştirak edirlər. Cari ilin əvvəlindən fəaliyyətə başlayan həmin məhkəmələrə dövlət başçısının 30.12.2019-cu il tarixli sərəncamları ilə yüksək nəzəri və praktiki hazırlığa malik, təcrübəli hakimlər təyin olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31