Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranmasının 8 ili tamam olur
Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranmasının 8 ili tamam olur
24 Yanvar 2020 12:01 SosialDövlət Gömrük Komitəsinin Akademiyasının yaranmasının 8 ili tamam olur. Akademiyadan "Olaylar"a bildirilib ki, Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılıb. Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. Akademiyanın yaradılmasında əsas məqsəd gömrük orqanlarında xidmət etmək üçün yüksək ixtisaslı, peşəkar mütəxəssislərin hazırlanması, gömrük orqanlarında xidmətə qəbul olunan əməkdaşlar üçün ilkin hazırlıq və gömrük xidməti əməkdaşları üçün ixtisasartırma təlimlərinin təşkil edilməsi, bununla yanaşı, elmi-tədqiqat işlərinin aparılmasıdır.
Akademiyanın prioritetlərindən ən başlıcası gömrük orqanlarında çalışmaq üçün lazım olan bütün ixtisaslar üzrə kadrların hazırlanmasıdır. Hazırda Akademiyada bakalavr pilləsi üzrə 3 ixtisas - Hüquqşünaslıq, İqtisadiyyat və İnformasiya təhlükəsizliyi ixtisası üzrə tələbələr təhsil alırlar. İnformasiya təhlükəsizliyi ixtisası üzrə tələbə qəbulu 2019/2020-ci tədris ilindən etibarən aparılır. Beynəlxalq hüquq və Gömrük işi ixtisaslaşmaları üzrə magistr hazırlığı 2019/2020-ci tədris ilindən etibarən həyata keçirilir. 2020/2021-ci tədris ilindən yeni ixtisasların açılması nəzərdə tutulur. 2014/2015-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyası ilk tədris ilinə başlayıb. 2017/2018-ci tədris ilində ilk məzunlarını yola salıb.
Hazırda Akademiyada tələbələrin ümumi sayı 250 nəfərdir. Onlardan 241 bakalavr, 9 nəfər magistr təhsili alır. Akademiyada təhsilin keyfiyyətinin artırılması, tətbiq olunan texnoloji yeniliklər və kadr potensialının yaxşılaşdırılması üçün son illərdə bir sıra tədbirlər həyata keçirilib. Beynəlxalq əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi prioritet olaraq qarşıya qoyulub. Akademiya bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq edir. Ümumdünya Gömrük Təşkilatı -ÜGT (WorldCustomsOrganisation - WCO), Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsi (TheInternationalNetwork of CustomsUniversities - INCU), Rusiya Gömrük Akademiyası və s. Akademiyanın əsas fəaliyyət istiqamətləri bakalavr və magistr hazırlığı ilə yanaşı, xidmətə ilkin hazırlıq və ixtisasartırma təlimlərinin təşkilidir.
Akademiyada gömrük orqanlarında xidmətə qəbul olunan əməkdaşlar üçün təlimlər yeni formatda və məzmunda keçirilir. Təlimlər Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının əməkdaşlarının peşə və ixtisas səviyyəsini artırmaq, gömrük orqanlarına xidmətə yeni qəbul edilmiş əməkdaşlara peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə təşkil olunur.