“20 Yanvar faciəsi- Heydər Əliyev iradəsi və qətiyyəti” adlı tədbir keçirildi
Ağstafa Regional Mədəniyyət İdarəsi 20 yanvar faciəsinin 30-cu ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində “20 Yanvar faciəsi- Heydər Əliyev iradəsi və qətiyyəti” mövzusunda tədbir keçirilib.
21 Yanvar 2020 11:47 SosialAğstafa Regional Mədəniyyət İdarəsi 20 yanvar faciəsinin 30-cu ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində "20 Yanvar faciəsi- Heydər Əliyev iradəsi və qətiyyəti" mövzusunda tədbir keçirilib.
Olaylar.az bildirir ki, tədbir iştirakçıları ilk öncə mərkəzin sərgi salonunda 20 yanvar faciəsinə həsr olunmuş kitab və rəsm sərgisinə tamaşa etdilər.
Konfrans zalında davam edən tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Tədbiri giriş sözü ilə açan regional idarənin rəisi Vüqar Qədirov keçmiş Sovet ordusunun 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə Bakı şəhərində törətdiyi qətliama diqqət çəkdi.
20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında xalqımıza qarşı həyata keçirilmiş qanlı cinayəti pisləmiş, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi ittiham etmişdir.
Tədbirdə çıxış edən idarənin rəis müavini Gülgün Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa rayon Uşaq Musiqi Məktəbinin direktoru Arif Əliyev, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Yeganə Əhmədova və başqaları qeyd etdilər ki, 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.