Ədliyyə nazirinin müavini Kürdəmirdə vətəndaşları qəbul edib
Ədliyyə nazirinin müavini Kürdəmirdə vətəndaşları qəbul edib
17 Yanvar 2020 17:51 SosialAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 17-də ədliyyə nazirinin müavini Toğrul Musayev Kürdəmir şəhəri Mədəniyyət Mərkəzində Kürdəmir və ətraf rayonlardan olan vətəndaşları qəbul edib. Nazirlikdən "Olaylar"a bildirilib ki, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Kürdəmir şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Nazirliyin aidiyyəti məsul işçilərinin iştirakı ilə keçirilən qəbulda nazir müavini vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Səfər çərçivəsində həmçinin, yerli ədliyyə qurumlarının fəaliyyəti və iş şəraiti ilə tanış olunub, ədliyyə işçilərinə fəaliyyətlərində məsuliyyətli, təvazökar olmaları, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl etmələri tapşırılıb. Ölkə rəhbərinin dövlət qulluqçularının qarşısında qoyduğu mühüm tələbləri diqqətə çatdırılaraq bildirilib ki, insanlara layiqli xidmət, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, sui-istifadə hallarının yolverilməzliyi hər bir əməkdaşın əsas vəzifəsidir.