20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır cinayətdir
20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır cinayətdir
17 Yanvar 2020 14:40 SosialƏ.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş geniş yığıncağı keçirilib. Səhiyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, yığıncağın əvvəlində şəhidlərin ruhu bir anlıq sükut ilə yad edilib. Tədbiri institutun rektoru professor Nazim Qasımov açaraq bildirib ki, Azərbaycan xalqının istiqlal tarixi çox faciələr görüb. Lakin qanlı 20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaqdır. Bu, keçmiş sovet hərb maşınının böyük bir millətə tuşlanmış amansız terror aktı idi. İllər keçdikcə xalqımız 20 Yanvar qırğınının əsl mahiyyətini və səbəblərini daha aydın şəkildə dərk edir və hər dəfə də bu haqsızlığın miqyasının heç bir ölçüyə sığmadığı, faciəyə aparan ədalətsiz siyasətin, daha doğrusu, xəyanətkarlığın hüdud tanımadığı dönə-dönə sübut olunur.
Tədbirdə çıxış edən hematologiya kafedrasının müdiri dosent Elmira Qədimovaya qeyd edib ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin qanlı yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayıb. Yığıncaqda çıxış edən terapiya fakültəsinin dekanı t.e.d. Zemfira Quliyeva bildirib ki, 1990-cı ilin əvvəlində Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün qanlı yanvar qırğınını törədib. Riyakar Mixail Qorbaçov başda olmaqla Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətinə, tarixi torpaqlarımıza iddia edən erməni millətçilərinin açıq-aşkar dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusi ilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxarıb və böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnib.