BDU- da 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib
BDU- da 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib
16 Yanvar 2020 15:56 SosialBakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Olaylar.az bildirir ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə tədbiri giriş sözü ilə açaraq bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli, lakin xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib. Faciənin 30-cu ildönümü ilə bağlı Bakı Dövlət Universitetində silsilə tədbirlər keçirildiyini bildirən A.Kazımzadə Universitetin hər zaman ictimai-siyasi proseslərin önündə getdiyini, 20 Yanvarda şəhid verdiyini diqqətə çatdırıb.
Elmi Kitabxananın direktoru Nigar İsmayılova isə bildirib ki, keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha ucadan bəyan etdi. Xalqımızın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Kitabxananın əməkdaşları Ramiyə İsgəndərzadə, Jalə Mustafazadə və Şükufə Əliyevanın çıxışlarından sonra "Vətən sağ olsun" və "Şəhidlər" şeirləri səsləndirilib, "Gənc istedadlar" liseyinin şagirdlərinin faciə ilə əlaqədar rəsm əsərləri nümayiş etdirilib.

