Əqli mülkiyyət sahəsində qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılacaq

Əqli mülkiyyət sahəsində qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılacaq

Əqli Mülkiyyət Agentliyində "Rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə olunması və qorunması məqsədilə Əqli Mülkiyyət Agentliyinin institusional potensialının gücləndirilməsi" tvinninq layihəsinin icrası çərçivəsində Bakıya səfər edən Yunanıstan, Fransa və Macarıstandan olan ekspertlər ilə görüş keçirilib. Agentlikdən bildirilib ki, İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov qonaqlara Agentliyin fəaliyyəti barədə qısa məlumat verib. O, Agentliyin tvinninq layihəsinin icrasında çox maraqlı olduğunu və buna xüsusi önəm verildiyini bildirib. Layihənin rezident tvinninq müşaviri İoannis Anaqnostopoulos ekspertlərin budəfəki səfərinin ikinci komponent - "Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin texniki cəhətdən gücləndirilməsi" və üçüncü komponent - "Hüquqi-tənzimləyici bazanın nəzərdən keçirilməsi və yeni qanunvericiliyin işlənib hazırlanması" üzrə olduğunu qeyd edib.

Tvinninq layihəsinin üçüncü komponentinin rəhbəri, müəlliflik hüququ üzrə nüfuzlu beynəlxalq ekspert, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorunun sabiq köməkçisi, Mərkəzi və Şərqi Avropa Müəlliflik Hüququ Alyansının (CEECA) sədri Mihaly Ficsor yenidən Azərbaycana səfər etməsindən böyük məmnunluq hissi yaşadığını diqqətə çatdırıb, Azərbaycanın müəllif-hüquq qanunvericiliyinin Avropa İttifaqının (Aİ) qanunvericiliyinə və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində bir çox işlər görüldüyünü və ölkəmizdə qabaqcıl qanunvericiliyin mövcud olduğunu vurğulayıb. O, Aİ-nin müəlliflik hüququ üzrə direktivləri haqqında qısa məlumat verərək layihənin icrası müddətində Azərbaycanın müəlliflik hüququ qanunvericiliyinin bir daha nəzərdən keçiriləcəyini və Aİ qanunvericiliyinin son dəyişikliklərinə uyğunlaşdırılması məqsədilə müvafiq sənədlərin hazırlanması, o cümlədən milli rəqəmsal aqreqatorun yaradılması və nəzarət markalarının tətbiqi sisteminin başa çatdırılması üzrə hüquqi bazanın təkmilləşdirilməsinə dair işlər aparılacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31