Taxtakörpü qəsəbəsinə məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb

Taxtakörpü qəsəbəsinə məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb

Taxtakörpü ərazisindəki üç yeni qəsəbənin ikisində laçınlı məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb. "OLAYLAR"-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə,   bu məqsədlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən püşkatma keçirilib.

Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələrin salınması müvafiq Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə edilmiş əlavələrdə nəzərdə tutulub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli Sərəncamı ilə həmin ərazidə 572 hektar torpaq sahəsi ayrılıb. Bunun da 134 hektarında birinci mərhələdə 645 ailə üçün 3 qəsəbə inşa edilib. Yeni qəsəbələrin layihələndirilməsi və tikintisi üzrə sifarişçi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur.

Qəsəbələrə Taxtakörpü ərazisindəki Vağazin, Qarakeçdi və Şeylanlı obalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülür. Yeni salınmış qəsəbələr - Vağazin obasında 256 evdən, Qarakeçdi obasında 245 evdən, Şeylanlı obasında isə 144 evdən ibarətdir. Evlərin hər birinin 0,12 hektar həyətyanı sahəsi var. Üç qəsəbədə, ümumilikdə, bir otaqlı 62, iki otaqlı 260, üç otaqlı 260, dörd otaqlı 63 ev inşa edilib. Hər bir ev fərdi sanitar qovşağı ilə təchiz olunub. Qəsəbələrdə ikisi 192 yerlik, biri isə 108 yerlik olmaqla üç məktəb binası, inzibati bina, tibb məntəqəsi tikilib, müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31