Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, o cümlədən vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanlarının gedişatı barədə məlumat vermişdir.

İclasda cari il Avstriyada təşkil olunacaq Willem C. Vis Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində iştirak etmək istəyən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin komandasına sponsorluq edilməsi barədə həmin fakültənin müraciətinə baxılmış, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin komandasına qeyd edilən müsabiqədə iştirakla bağlı sponsorluq etməsi qərara alınmışdır. 

İclasda Vəkillər Kollegiyası üzvlüyünə qəbul, vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılmış, bundan başqa, Bakı şəhərində "BM Morrison Partners" və 30 saylı Vəkil Bürosunun, o cümlədən Şəmkir rayon Vəkil Bürosunun təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar verilmişdir.Iclasda 14 saylı vəkil bürosunun müdiri Telman Qasımova 65 illik yubileyi münasibətilə uzun illər səmərəli vəkillik fəaliyyətinə görə Vəkillər Kollegiyasının Fəxri Vəkili fəxri adı verilib.

İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.

barassociation.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31