Həyatda yeri görünən insan
Həyatda yeri görünən insan
15 Yanvar 2020 13:09 SosialGözəl insan, qaygıkeş müəllim, istedadlı alım, incəqəlbli yazar... Bu sahələrin hər birində eyni hörmət qazanmaq, seçilib-sevilmək, insanların düsüncəsində silinməz izlər qoymaq hamının qismətinə yazılmır. Yaşıdları üçün Gülab Gülablı, özündən kiçiklər, yəni tələbələr üçün qaygıkeş müəllim, bədii ədəbiyyat həvəskarları üçün Gülab Gülablı gözəl yazar kimi xatirələrdə əbədiləşib. Onun ölümündən xeyli vaxt keçməsinə baxmayaraq hələ də əziz və işıqlı xatirəsi yaddaşlardan silinməyib. Gülab Gülablının anadan olduğu rayonun ən böyük kəndlərindən sayılan Qoşaqovaq kəndinin mərkəzi kjüçələrindən biri onun adını daşıyır. Təhsil aldığı orta məktəbdə onun adı ilə bağlı zəngim guşə yaradılmışdır. Gülab müəllimin işıqlı obrazı bir yerdə çalışdığı tələbə-müəllim kollektivi, dostları, yaxınları və əzizləri tərəfindən müntəzəm yad olunur. Mənalı həyat mərhələlərinin yolçusu olan G.Gülablı ilə aylar, illər yaşamış insanların yaddaşına həkk olunmuş anlar, maraqlı epizodlar ön plana çəkilir. Gülab dünyasının, şəxsiyyətinin, mənəviyyatının, həyata nikbin baxışını dərk edən, hiss edən yaxınlarının qələmindən sızan yazılarda portret cizgilər bütünlüklə açılmışdır. G.Gülablı dünyasının vərəqlənən hər səhifəsinə aydınlıq gətirilmişdir. Həyatda necə real olubsa, mübaliğəsiz olaraq yaddaşlardan kağız üzərinə köçürülüb.
Rafiq Əliyev (professor):
- Yaddaşlarda əbədi qalan şəxsiyyətlərdən biri də Gülab müəllimdir. Onu 35 illik tanışlıq və dostluq müddətində gözəl bir insan, insanlarla rahat təmas qura bilən bir dost, peşəkar bir pedaoq kimi tanımışam.Gülab müəllim bir çox meyarlara görə fərqlənən şəxsiyyət idi. Bu meyarlar, atributlar içərisində zənnimcə, dominantı onda insanlığı, insanlarla təmasda olmaq bacarığı idi. Ümumiyyətlə, insanlar arasında mnasibət onların intellektuallıq səviyyəsi və intellegentlik, ziyalılıq dərəcəsi ilə müəyyənləşir. Hər iki xüsusiyyət Gülab müəllimdə cəmləşmişdi. Ona görə də onun geniş çevrəsi, müxtəlif zümrələrdən olan dostları var idi.
Zənnimcə insana həyatda ən vacib amil ailə rahatlıgıdır.Gülab müəllim belə rahatlığı yaradan və qoruyan insan idi. 35 ildir ki onun həyat yoldaşı Mələk xanımı da, onların ailəsini yaxından tanıyıram. Bu ailədə örnək ola biləcək qarşılıqlı saygının, hörmət və rahatlığın şahidi olmuşam. Çox şükür ki, bu ailədə gözəl övladlar, nəvələr böyüyür, Gülab müəllimin sabahı...
Gülab müəllim mənalı ömrünün çox hissəsini gələcək nəslin təhsilinə həsr etmişdir. O, uzun müddət Azərbaycan Dövlət Neft Akademiyasında elm və təhsilin müasir sahəsinə - informatika, hesablama texnikasına aid mühazirələr oxumuş, minlərlə gəncin təlim-tərbiyəsində layiqli rol oynamışdır. Gülab müəllimin elmi məqalələri, kitabları bu gün də tələbələr üçün vacib tədris vəsaitləridir, elm mənbəyidir. Cismən yanımızda olmasa da, Gülab müəllim dəyərli dost, gözəl insan kimi həmişə qəlbimizdədir.
Əjdər Ağayev (Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor, AYB-nin üzvü):
- Gülab Gülablı ilə iş yoldaşı olmamışam. Amma yol yoldaşı olmuşam, bir yerdə istirahət günlərimizi keçirmişik. Beləcə, bir-birimizi duya-duya dostlaşmışıq, həmkarlaşmışıq. O da mənim kimi müəllim idi. Neft Akademiyasında kompyuter texnologiyasından dərs deyirdi. Onu həmkarları və tələbələri çox sevirdi. Çünki ixtisasını mükəmməl bilirdi, öyrətmək məharətinə malik idi, hər kəslə səmimi, qayğıkeş münasibətdə olmağı bacarırdı.
Mənim onunla dostluğum sadəcə iki şəxsin münasibətləri deyildi. Biz ailəliklə bir-birimizi sevir, ailəvi dostluq edirdik. Həyat yoldaşı Mələk xanım Gülabın həm də fikir-ideya-məslək dostu idi. Övladlarının qayğısını birgə çəkirdilər.
Gülabı mənə sevdirən bir cəhət də var idi ki, o da onun ədəbiyyata maraqlı olması, arabir hekayələr yazması ilə şərtlənirdi. O, həyat hadisələrindən alınan maraqlı, şirin, ibrətamiz hekayələr yazrdı. Əlyazmasını mənə təqdim edirdi, oxuyub bəyəndikdən sonra mətbuata çıxarırdı. Onun bir neçə hekayəsini baş redaktoru olduğum "Təhsil və Zaman" qəzeti səhifələrində oxuculara təqdim etdim. Bir müddət sonra Gülab müəllim hekayələrini toplayıb kitab nəşr etdirmək fikrinə düşdü. Onun bu ideyasını alqışladım. Az keçməmiş onun hekayələr kitabı işıq üzü gördü. Həyati reallıqlardan, insan xarakterlərindən, hiss və duyğuların çuğlaşmasından yaranan bu hekaylər bədii-estetik dəyəri ilə yanaşı, gerçəkliyin qavranılmasına kömək edirdi. Mən onun yazılarından hiss etdim ki, həyata birtərəfli deyil, insan müxtəliflikləri prizmasından baxaraq, baş verənlərin fəlsəfi mahiyyətini açmağa, eləcə də ona öz münasibətini bildirməyə çalışır. Gülab müəllim olduqca sadə, təvazökar, geniş dünyagörüşlü, məlumatlı bir ziyalı idi. Onunla görüşmək, söhbət etmək, yol getmək, fikir bölüşmək insanı rahatlandırırdı.
O, bilirdi ki, mən humanitar təmayüllü adamam, kompyuter texnologiyalarından anlamım azdır. Ona görə də həm ədəbiyyatdan, hekayənəvəslikdən söhbət açır, həm də kompyuterin dilini mənə öyrətməyə çalışırdı.
Gülab müəllim öz arzusu ilə Respublika Təhsil Şurasına üzv olmuşdu. Şuranın tədbirlərində iştirak edirdi. Hətta bir neçə dəfə bu xətlə rayonlarda da olmuşdu.
Gülab Gülablı yaşasaydı, 70 yaşının qeyd olunmasının iştirakçısı, baş qəhrəmanı olacaqdı. Nə etməli ki, o, bizdən tez ayrıldı. Bu gün biz onu xatırlayır, - Sən yenə də bizimləsən, - deyirik Gülab müəllim!
Təəssüf ki, vaxtsız ölüm sədaqətli dost, gözəl ailə başçısı, zəngin elmi pedaqoji təcrübəyə malik ziyalı Gülab müəllimi aramızdan apardı. Dünyasını dəyişsə də həyatda həmişə onun yeri görünür. Ailəsinin, övladlarının, yaxınlarının arasında...
Şövkət Hüseynova,
"H.b.Zərdabi" mükafatı laureatı