“Çıraqqala xanədanı”nın 1918-1920-ci illər tarixi hadisələri-  Qismət Yunusoğlu yazır

“Çıraqqala xanədanı”nın 1918-1920-ci illər tarixi hadisələri

 "Bu gün bizim borcumuz - o qara günləri unutmamaq və həmişə, hər an hər şeyə hazır olmaqdır. Bizim borcumuz - gələcəkdə Vətənimizi xoşbəxt gələcəyi üçün istənilən təcavüzdən qorumaqdır."

  •  Böyük mütəfəkkir Üzeyir bəy Əbdülhüseyn oğlu  Hacıbəylinin  (1885-1948),  "Azərbaycan"   qəzetində 1919-cu ildə dərc  edilmiş "31 mart" məqaləsindən.

Böyük Qafqaz  dağlıq silsiləsinin şərq ətəklərini və Xəzər dənizi sahillərini  əhatə edən qədim  Çıraqqala tarixi-maddi abidəsi Şabran, Siyəzən və Quba  inzibati-ərazi vahidləri daxilində yerləşməklə özündə əski orta əsrlərin və hətta XX əsrin ilk iki onilliyinin ağır, dəşhətli və dövlətimizin-xalqımızın taleyində dərin iz qoymuş bir sıra ictimai-siyasi və  hərbi-qarşıdurma hadisələrinin  məkanı olmuşdur. Belə ki, 1918-1920-ci illərdə Bakı və Şamaxı qəzaları ərazisindən müxtəlif istiqamətlərdən Quba qəzasına hücuma keçən hay-daşnak quldur  dəstələri ilə yanaşı rus-bolşevik silahlı birləşmələri də hərbi-siyasi cəbhə yaradaraq (xüsusilə S.Şaumyanın, P.A.Çaparidzenin, Q.N. Korqanovun, D.A.Gelovaninin, A.Srvantsyanın, A.Valuntsun, N.Avetisovun... başçılığı ilə)  hay quldurları ilə eyni cəbhədə birləşərək dünc, silahsız və günahsız müsəlman-türk kəndlərinin əhalsini kütləvi halda qətlə yetirməklə faciəvi soyqırım siyasətlərinə rəvac vermiş, eləcə də  bu ərazilərdə tarixi-maddi abidələri dağıtmış, tikililəri yandırmış, əhalinin mal-mülkünü qarət etmiş, olduqları məkanları yerli əhalinin qanı ilə  "suvarmışlar".

Belə faciəvi yaşamlar 1918-1920-ci illərdə qəzanın demək olar ki, bütün kəndlərində, eləcə də Dəvəçi  nahiyəsinin dənizsahili (Dəvəçi və Güləmli kəndlərində) və dağətəyi hissələrində (Canqayıb, Dağ Bilici, Zöhramı, Qazmalar, Pirəbədil, Sumaqova, Nohurlar... kəndlərində) - tarixi  "Çıraqqqala xanədanı" məkanlarında da baş vermişdir.

Bakı şəhərindən zirehli qatarlar, Şamaxı qəzasından süvari dəstələrlə hücuma keçən birləşmiş silahlı nizami dəstələr Dəvəçi  nahiyəsində birləşərək Quba qəzasınıı bütünlüklə işğal etmək, əhalisini qılıncdan keçirmək və regionu xüsusi hərbiləşdirilmiş düşərgə kimi  Azərbaycan dövlətinin humanist tarixi ipək yolunu onun süqutuna aparan yola çevirmək niyyətində  idilər.

Elə bütün qanlı savaşlar da nahiyənin bu qədim ipək  yolu keçən hissələrində (Şamaxı qəzası ilə həmsərhəd ərazilərdə) olmuşdur.

Düşmənin Bakı qəzasından gələn zirehli qatarındakı silahlılar  Dəvəçi və Güləmli kəndlərinin  (onların ara məsafəsi 500-600 metr idi)  əhalisini qırmış, var-dövlətlərini qarət etmiş, dini-ibadət ocaqlarını dağıtmış, tikililəri oda  qalamışlar. Dəvəçi-Bazar və Qızılburun kəndinin  15 nəfər ağsaqqalı başda Əlixanlı kəndinin yüzbaşısı Mirzə Məmməd Dostəli oğlu, həmkəndlisi Gülhüseyn Məhərrəm oğlu ilə birlikdə düşmənləri duz-çörəklə qarşılayıb  dinc sakinlər naminə aman istəsələr də  hay-daşnak quldurları dinc sakinləri  Güləmli kəndində 2 mərtəbəli evə yığıb yandırdıqları  tikili  1980-ci illərədək qalırdı, Dəvəçi  kəndində isə 40 nəfəri amansızlıqla qətlə yetirmişdilər.

Xəzərsahili ərazilərdə  qırğın-talanlardan sonra düşmən dəstələri Axar-Baxar aşırımından Qızmeydan-Altıağac xətti boyunca nahiyənin Cəngi dağları ətəklərində yerləşən  kəndlərinə (Nohurlar, Dağ Bilici, Zeyvə, Çiçi, Pirəbədil, Mumlu, Qorğan (Böyük Sumaqova), Sumaqova, Zöhramı...) hücum edən daşnak A.Srvantsyanın qüvvələri ilə birləşərək güclənmək  niyyəti ilə Şabran kəndindən şimal-qərb istiqamətində  5-6 km aralıdakı Canqayıb kəndinə bitişik dərələr boyunca Taxtalar-Saralar düzünə (indi  əkin sahələridir) qalxaraq orada toplarını qurmuş  minillik tarixi olan  Dağ  Bilici  kəndini top və pulemyot atəşinə tutaraq ora basqın etmişlər. Məqsəd yerli özünümüdafiə qüvvələrinin Həmdulla Əfəndi İbrahim oğlu Əfəndizadənin, el qəhrəmanı Mayıl Zahir oğlunun, Əli bəy Zizikskinin, Əli Abbas bəy Əlibəyovun başçılığı ilə bu kənddə yerləşən qərargahını-dayaq məntəqəsini məhv etmək idi.

Bu istiqamətdə olan hücumlar  eyni ilə 1920-ci ilin may-sentyabr aylarında XI Ordunun bölgəyə daxil olanda onlara qarşı el müqaviməti göstəriləndə də təkrarlanmışdır. Hər iki hücumlar zamanı Dağ Bilici-Qalagah kəndləri boyunca ağır döyüşlər getmişdir. Həmin qanlı savaşlara nişanə kimi Dağ Bilici kəndinin ortasında orta əsrlərə aid olan qədim yaşayış yerində və qəbir daşlarında izi qalan mərmi-güllə yerləri, məktəb həyətində basdırılmış insan sümükləri indi də qalmaqdadır. 1990-cı illərdə  kəndin bu hissəsində həyətyanı sahələrdə də torpaq-qazıntı işləri aparılarkən, eləcə də sonrakı dövrdə 26  km-lik Şabran-Zeyvə avtomobil yolu çəkilərkən yenə də insan sümükləri, köhnə, paslı və çürümüş  silah parçaları, güllə-giliz qalıqları tapılmışdır.

Bu  cür səngər yerləri Dağ Bilici kəndindən uzanan "Qalagah dərəsi", "Dalağdaşı yeri" (Nohurlar kəndi istiqamətində),  Mumlu  kəndinə bitişik "Mumlu dərəsi", Sumaqova kəndi və ondan qərbdə "Sumaqova qazmalar" obası,  Zeyvə və Gilvar kəndləri arasındakı  "Çayqovuşan dərə", eləcə də Qalagah kəndi yaxınlığındakı Ləcədi və Leyti dərələri...  həmin qanlı savaşların faciələrini-tarixini yaşadan coğrafi məkanlardır.

Sumaqova kəndində (eləcə də Böyük Sumaqova-Qorğan)  1918-ci ildə yüzə yaxın ev olub, nahiyənin qədim yaşayış məntəqələrindən biridir. Kənd qəbirstanlığında mixi yazılı, qoç və at fiqurlu qəbir daşlarını, xüsusi oymalarla işlənilmiş sənduqələri 1970-ci illərdə bir geçədə aparmışdılar, bu kəndin məscidini isə hay-daşnak quldurları 1918-ci ilin yaz-yay aylarında oda qalayıb yandırmışdılar.

1920-ci ildən sonra camaat onu bərpa etsə də, 1938-ci ildə öküzə qoşub yenidən dağıtmışdılar.

Zöhramı kəndinə (150-yədək ev olub) edilən hücumlarda yandırılmış kənd məscidinin qalıqları Şabran-Zeyvə yolunun solunda  (Axundbala  Şəmsəddin oğlu Mahmudovun  (1926-2004), Nuru Allahyar oğlu İsmayılovun (1924-1978) evlərinin yanında) indi də göz qaraldır. 1920-ci illərdə  bu kəndin bir sakininin cibindən güllə gülizi tapdıqları  üçün  XI  Ordunun əsgərləri güllələmişdilər.        

1930-cu illərdən sonra bu kənd  cəllad Şaumyanın adını daşıyan kolxoz olub, büstünü də kəndin mərkəzində qoymuşdular, 1970-ci ilədək qalırdı. Daha sonra yenidən tuncdan bərpa edilən həmin büstü Pirəbədil kəndində M.Ə.Sabirin adını daşıyan kolxozun idarə binasının qarşısına köçürmüşdülər - 1992-ci ilədək...

1918-1920-ci illərdə (mart-aprel aylarında) Dağ Bilici-Pirəbədil xətti üzrə kəndlərə hücum ediləndə qətliam-soyqırım faciələrindən (ümumilikdə Şabran nahiyəsində o dövrdə 10 minə qədər dinc sakin düşmən qüvvələri tərəfindən amansızlıqla qətlə yetiriimiş, 20-yə qədər kənd-oba məskəni yandırılaraq yerlə-yeksan edimişdir)  qurtulan dinc sakinlər Pirəbədil kəndinin şərqində, 5-8 km aralıdakı "Nöyütdağı meşəliyi"ndə (burada qədim Şəhərgah tikililərinin qalıqları indi də durur), "Xilsəkulaq meşəliyi"ndə, kəndlərin ətrafındakı kollu-koslu dərələrdə ("Fındıqlı bulaq"da, alma, armud, qoz ağacları ilə örtülü "Həsəndi bağı"nda...) sığınmaq   məcburiyyətində  qalıb. Yenidən kəndə qayıdan əhalinin çoxusu xəstələnmiş, ya da həyatlarını itirmişlər. 

Bir cəhəti də qeyd etmək lazımdır ki, əvvəlcədən hay kilsəsi və çar Rusiyası tərəfindən planlaşdırılmış bu qətliam-soyqırım faciələrindən bir neçə il əvvəl (1915-1917-ci illərdə) Dəvəçi nahiyəsinin bütün kəndlərində əhalidə olan silahlar yığılıb və  tamamilə yalın əllə düşmənlə üzbəüz qalmışdır.

Həmin  faciəvi hadisələrin şahidi olmuş Sumaqova kənd sakinlərindən  Nəzər Xələf oğlu Məmmədov (1904-1985, o, Nuru paşanı atın belində Pirəbədil  kəndində görüb), Bayraməli Şahkərəm oğlu Bayramov (1899-1983),  Səlminaz və Müşkinaz Axundova bacıları (1874-1970), İxtiyar Nizam oğlu Qardaşov (1885-1993), Münəvvər  Musa qızı Orucova (1875-1965), Molla Yasin Səfərəli oğlu Aslanov (1854-1938), Pirəbədil kənd sakinlərindən Molla Ziyarəddin Səlimov (1910-2002), Molla Səid Tahirmirzə oğlu Səlimov  (1900-1973)... həmişə  o qanlı-qadalı illəri xatırlamış və acı xatirələrlə yada salmışlar.

Dağ Bilici kəndində bir körpə uşağın anasının döşünü sümürərək üstündə ölməsini gözü ilə görən Nəzər Xələf oğlu o faciəni xatırlayanda  göz yaşlarını saxlaya bilmirdi.

Pirəbədil kəndindən 3 km şərqə tərəf yerləşən Qazmalar, ondan qərb yöndə Ərşəli, bu kənddən şimalda olan İzmara (bu kənd Dağ Bilicidən 1 km şimalda olub, 10-15 ev vardı) kəndi... amansız hücumlara məruz qalmışlar. Ərşəli kəndi hücum zamanı tamamilə boşaldılmış, qədim qəbirstanlığı yandırılmış,  600 nəfərədək əhalisi ətrafdakı  kollu-koslu "Binə dərəsi"nə  sığınmışdır. Həmin dövrdə hay-daşnak və rus-bolşevik silahlı quldur dəstələrinə bələdçiliyi yerli Gilvar kəndində  (Pirəbədil kəndindən  5 km cənub-qərbə tərəf)  yaşayan ermənilər etmişdir.

Birləşmiş və azğın düşmən qüvvələri tərəfindən yerli dinc əhaliyə yönəlik faciələrin-qətliamların qarşısının alınmasında Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun Nuru Paşanın başçılığı ilə qəhrəmanlıq göstərən süvari əsgər-zabit  heyəti nahiyənin qırğın gedən ərazilərində (Dəvəçi-Pirbəhli istiqamətlərində) yerli özünümüdafiə qüvvələri ilə birləşərək açıq döyüş meydanında savaşa girmələri və düşmən birləşmələrini təqib etmələri nəticəsində amansız qətliam-soyqırım qırğınlarının qarşısı xeyli dərəcədə alınmışdır.

Bu ordunun qərargahı Pirəbədil kəndində Mahmudağa bəy Musabəyovun (1826-1910) evində  (hazırda tarix-diyarşünaslıq  muzeyidir) idi.

(Yazının hazırlanmasında Şabran rayonu, Pirəbədil kənd  orta məktəbinin müəllimi Aprel Nəzər oğlu Məmmədovun (1957)  məlumatından  istifadə edilib.)

                   Qismət Yunusoğlu,

                                      Bakı Dövlət Universitetinin müəllimi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31