Qadın və gənc sahibkarlara xüsusi dəstək veriləcək
Qadın və gənc sahibkarlara xüsusi dəstək veriləcək
14 Yanvar 2020 13:25 Sosial"Möhtərəm Prezident, Sizin xüsusi tapşırığınız kiçik və orta sahibkarlığın inkişafı ilə bağlıdır. Bunun yolunu biz klasterlərin və dövlət mexanizmlərinin istifadə edilməsi ilə məhz kiçik və orta sahibkarlığın, xüsusi olaraq qadın və gənclər sahibkarlığının dəstəklənməsi alətlərində görürük. Həmçinin dövlətin Azərbaycanda böyük iqtisadiyyatda rolunu nəzərə alaraq dövlət satınalmalarında fəal iştirakın təşviq olunması, bunun üçün satınalmanın şəffaflığının daha da artırılmasını qarşımızda əsas məqsəd və vəzifə kimi görürük". "Olaylar" xəbər verir ki, bunu yanvarın 13-də Prezident İlham Əliyevin yanında keçirilmiş 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, 2020-ci ilin dövlət investisiya proqramı artıq təsdiq olunub: "Orada bizim əsas çağırışımız ondan ibarətdir ki, mövcud və başlanılmış layihələrin həcmi ilə əlimizdə olan resursların həcmini düzgün dəyərləndirərək növbəti illər üçün dövlət sərmayələrinin səmərəliliyini artıraq. Amma yenə də başlıca vəzifə kimi nəzərə alsaq, müasir dünya daha müasir məhsulları ortaya çıxarmağı tələb edir. Bu da öz növbəsində texnologiyalar tələb edir. Bu məsələlərin həllini xarici və yerli investorların, özəl investorların, bu texnologiyaya sahib olan investorların ölkəmizə cəlb edilməsində və dövlətin orada daha çox dəstəkləyici rolunun təmin edilməsində görürük".