Azyaşlılara qarşı cinayət əməllərinin artmasının başlıca səbəbləri nələrdir? -ŞƏRH

Azyaşlılara qarşı cinayət əməllərinin artmasının başlıca səbəbləri nələrdir?-ŞƏRH

İlqar Altay: "Uşaqları qorumaq lazımdır"

Tovuz rayon, Dondar Quşçu kənd sakini olan, azyaşlı Nərmin Quliyevanın qətli cinayətinin üstü açılıb. Qatil kimi şübhəli bilinib, əməlini etiraf edən İlkin adlı şəxs aşkar edilərək, artıq tutulub. On yaşlı qız uşağı baş zərbələri ilə öldürülüb, sonra cəsədin ictimai yerdə yandırılması kimi nadir, dəhşətli, antiinsani və nəinki ölkəmiz, həm də xaricdə dərin ictimai sarsıntı yaradan müdhiş bir cinayətin üstü açılıb.

Son günlərin ən dəhşətlisi hadisəsi kimi cəmiyyətdə ciddi rezonans doğuran bu hadisə ilə bağlı fikirlərini bölüşən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay deyib ki, cinayət faciəli, ictimai sarsıntılı olduğu qədər də, açılması təqdirlidir: "İlk növbədə bu münasibətlə əməliyyat-istintaq orqanlarını təbrik edirəm. Və hər şeydən öncə, bir ölkə vətəndaşı, vətəndaş cəmiyyəti üzvü və sonra da bir hüquqşünas-kriminaiist alim kimi, məsələni diqqət və nəzarətə götürmüş həmin orqanların rəhbərliyinə və ölkənin daha yuxarı rəhbərliyinə təşəkkürümü, razılığımı bildirirəm.  Hər bir ölkə cəmiyyəti üçün belə bir cinayət hadisəsi ictimai zəlzələ olduğu qədər, onun açılması bir o qədər də hüquq-mühafizə orqanları üçün şərəf işidir. Və onlar var gücləri ilə çalışacaqlar və mütləq çalışmalıdırlar ki, bu işin üstü açılsın. Və ilk anlar yubansa da, açıldı. Amma, ilkindən bu xeyli yubanmaya yol vermiş Tovuz rayon polisi, orokurorluğunun məsuliyyət vəzifə borcu, professionlığı, adekvatlığı da  müvafiq rəhbərliklər tərəfindən tam araşdırılmalıdır.. Aydın edilsin ki, 40 gün axtarış nəticəsiz olub? Və pozuntular olduğu halda, cəzalanmalıdırlar. Buradaca qeyd edim ki, bir sıra mənbələrin və şəxslərin maniakal və o cümlədən də seksual maniakal problemliləri psixi pozuntulu təqdim etməsi və onların da ruhi xəstə hesab olunaraq mühakiməsinin mümkünsüzlüyü fikrini ortaya atması doğru yanaşma deyil. Maniakal problem psixi-ruhi yox, psixoloji-xarakter pozuntusudur və mühakiməyə tam uygundur. Hesab edirəm ki, Nərmin məsələsində manyak qatil obyektiv mühakimə olunaraq ən ağır cəzasını alacaqdır". İlqar Altay bildirib ki, Nərmin işinin açılmasının gecikməsini hüquq-mühafizə orqanlarının işin açılmasında maraqlı olmaması ilə bağlı da fikirlər səsləndirilib: "İndi də iş açılandan sonra, guya bu cinayət başqa imkanlı, təbəqəli şəxslər tərəfindən törədilib, bu İlkin adlı şəxsin işgəncə verilərək üzərinə qoyulması iddialılara, siyasilərə bunu deyərdim. Bu qədər də olmaz. Hüquq-mühafizə orqanları bəlli ki hakimiyyətin tərkib hissəsidir. Ancaq, onlar həm də dövlətin əsas sütunudur. Hökumətə, iqtidara qarşı rəqib kimi siyasi müxalifətin qərəzli olması mümkün haldır. Bütün dünyada belədir. Ancaq bu qərəzi şişirdib artırıb hədd keçməklə hüquq-mühafizə orqanlarını yersiz ləkələmək, nüfuzdan salmaq artıq, dövlətimizin sütunlarını vurub zədələmək deməkdir. Bu da ümumi ölkə üçün ziyanlıdır. Nəhayət, bu hadisə ilə bağlı son vacib məsələ barədə qeyd edim. Qəti olaraq, hüquq-mühafizə orqanları işinə, əməliyyat istintaqına, prosessual qaydalı tədbirlər görməsinə mane olan KİV orqanlarını bunu etməməyə çağırıram. Xüsusən, qanunun keşiyinə və cinayətlərin açılmasına ali nəzarəti və rəhbərliyi həyata keçirən Baş Prokurorluğa bunu xahiş edərdik ki, ölkədə cinayət xarakterli hadisələri araşdırma və xəbərləri yayma profilli televiziya verilişləri, saytlar, qəzetlər və sairə kimi kütləvi informasiya vasitələri orqanlarını diqqətinə götürsün. Prokurorluğun müəyyən müvafiq xidmətləri ilə yaxşı olardı ki, həmin media orqanları daim əməkdaşlıq edib öz fəaliyyət, proqramlarını və cinayət xarakterli hadisələrin ictimailəşdirməsini razılaşdırsınlar. Əks halda, bəzi televiziya proqram və verilişlər, media xəbərləri cinayət xarakterli hadisələrə çox aşırı və qaba-ixtisassız müdaxilə etməklə cəmiyyətə, vətəndaşlara ictimai mənəvi-psixoloji fəsadlar törədir. Həm də hüquq-mühafizə orqanlarının işinə ciddi maneə, problem, yanlışlıq yarada bilir".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31