Komitə sədri: “Xarici ticarət iştirakçılarının ən böyük uğurlarından biri “Yaşıl dəhliz”in tətbiqidir”
Komitə sədri: “Xarici ticarət iştirakçılarının ən böyük uğurlarından biri “Yaşıl dəhliz”in tətbiqidir”
14 Yanvar 2020 11:49 Sosial"Ticarətçilərin, xarici ticarət iştirakçılarının ən böyük uğurlarından biri 2019-cu ildə "Yaşıl dəhliz"in tətbiqi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Fərmandır.Bu Fərmanın icrasına fevralın 1-dən başlanılmışdır və 530-a yaxın xarici iqtisadi fəaliyyət iştirakçısına həm idxalda, həm ixracda bu status tanınmış və qısa müddətdə illik 8 milyard dollara yaxın ticarət dövriyyəsi həyata keçirilmişdir". "Olaylar" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən bildirib.
Dövlət Gömrük Komitəsinin sədri bildirib ki, bu layihə özlüyündə dünyada ilk olmaqla yanaşı, ən modern layihələrdən biri kimi qəbul olunur: "Eyni zamanda, iki istiqamətdə sahibkarlar bundan məmnunluğunu bildirir. Birinci istiqamət sahibkarların on milyonlarla əlavə vəsaitin gəlir olaraq kassalarında qalmasına yönəlmişdir. Bu layihənin tətbiqi ilə sahibkarlar logistika və anbar xərclərindən azad olunur. Eyni zamanda, ikinci məsələ şəffaflığın tam təmin olunmasıdır. Qanuni ticarətlə məşğul olan sahibkarlar gömrük orqanlarına gəlmədən və heç bir gömrük məmuru ilə təmasa girmədən bütün əməliyyatlarını elektron şəkildə idarə edir və rəsmiləşdirməni başa çatdırırlar".