“Nəsimi ili” ilə bağlı yekun tədbir keçirilib

Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyinin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbiri keçirilib. "OLAYLAR"  Təhsil Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, nazirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, media qurumlarının rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov çıxış edərək ölkə Prezidenti İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb.

Təhsil naziri "Nəsimi ili" ilə bağlı görülən tədbirlərə toxunaraq deyib ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şairin 650 illik yubileyi münasibəti ilə "Azərbaycanımızı yaşıllaşdıraq" devizi altında başladılan kampaniyaya təhsil işçiləri də qoşulub. Ceyhun Bayramov təhsil müəssisələrində də yubiley ilinə həsr edilən ədəbi bədii gecələr, müsabiqələr, elmi-praktik konfranslar, şagirdlərar asında təşkil edilən intellektual yarışlar, ədəbi-bədii kompozisiyalar, tamaşalar, dəyirmi masalar keçirildiyni vurğulayıb.

Sonra Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri və dram dərnəyinin üzvləri tərəfindən Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmış "Mənəm" tamaşası nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31