36 dövlət orqanında 703 vakant vəzifə müsabiqəyə çıxarıldı
36 dövlət orqanında 703 vakant vəzifə müsabiqəyə çıxarıldı
13 Yanvar 2020 16:44 Sosial2020-ci il 13 yanvar tarixində mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 36 dövlət orqanında 703 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən "Olaylar"a verilən məlumata görə, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında və müvafiq dövlət orqanlarının internet saytlarında yerləşdirilib.
Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər 11 fevral 2020-ci il saat 18:00-dək (30 gün müddətində) "Dövlət qulluğu üzrə müraciət Forması"nı doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidirlər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.