Azərbaycanda “quş qripi” təhlükəsi nə dərəcədə realdır? -Təhlil
Azərbaycanda “quş qripi” təhlükəsi nə dərəcədə realdır?-Təhlil
13 Yanvar 2020 15:41 SosialFəsillərin dəyişməsi ilə əlaqədar olaraq Azərbaycana müxtəlif ölkələrdən köçəri quşların gəlməsi, yaxud onların köç zamanı ölkəmizin səmasından istifadə etməsi öz-özlüyündə ölkəmizə bir sıra problemlər də gətirir. Bunların sırasında ən başlıcası daim gündəmdə olan "quş qripi"dir. Müntəzəm olaraq ölkə ərazisində bu istiqamətdə həyata keçirilən monitorinqlər sözügedən virusun nə dərəcədə aktiv və ya təhlükəli, yaxud bunun əksi istiqamətində olduğunu ortaya qoyur. Artıq bir neçə ildir ki, qeyd edilən istiqamətdə monitorinqlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirildiyindən aparılan araşdırmalar, təhlillərin keyfiyyəti, etubarlılığı bir qədər də artıb. Hazırda da köçəri quşların ölkəmizin səmasından istifadə etməsi reallığı qeyd edilən istiqamətdə monitorinqlərin aparılması zərurətini yaradıb. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı 13-17 yanvar tarixlərində növbəti epizootoloji monitorinqlər keçirəcək.Monitorinqlər çöl quşları arasında Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərini əhatə edəcək.Eyni zamanda həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı sənaye əsaslı iri quşçuluq müəssisələrində, həyətyanı və kiçik həcmli kommersiya tipli quşçuluq təsərrüfatlarında da seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.
Bu arada təhlükənin riskinin artma ehtimalları da bəzi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zərurətini yaradıb. Belə ki,. Polşanın bəzi inzibati ərazilərindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə məlumat yayıb.Məlumatda deyilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Polşa Respublikasının Lyublinsk və Velikopolsk inzibati ərazilərində yüksək patogen quş qripi xəstəliyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, yüksək patogen quş qripi xəstəliyinin qeydə alındığı Polşa Respublikasının inzibati ərazilərindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşa Respublikası ərazisindən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələrinin gömrük-sərhəd keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub. Bu arada ölkə ərazisinin yüksək patogen quş qripi xəstəliyindən qorunması məqsədilə keçirilən epizootoloji monitorinqlərin nəticələri açıqlanıb. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsiliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisinin yüksək patogen quş qripi xəstəliyindən qorunması məqsədilə bu ilin 16-20 dekabr tarixlərində keçirilən epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.Abşeron yarımadasında, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarında, su-bataqlıq ərazilərində, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərində aparılan monitorinqlər zamanı çöl quşlarına ümumi baxış keçirilib. Epizootoloji məlumatlar toplanaraq təhlil edilib, habelə təsadüfi qaydada ovlanmış müxtəlif növlərə aid 64 baş çöl quşundan patoloji material götürülüb. Həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı ailə təsərrüfatlarında 250 baş müxtəlif növ quşdan, Sumqayıt şəhəri, Abşeron, Lerik, Cəlilabad, Sabirabad, Hacıqabul, Xızı, Siyəzən və Şabran rayonlarında yerləşən sənaye əsaslı iri quşçuluq müəssisələrində və kiçik həcmli kommersiya tipli 14 quşçuluq təsərrüfatında 210 baş ev quşundan qan nümunələri götürülərək seroloji monitorinqlər də keçirilib.
Monitorinqlər müddətində çöl quşlarından götürülmüş patoloji materiallar Biotəhlükəsizlik çadır tipli səhra (mobil) laboratoriyasında, ev quşlarından alınan diaqnostik nümunələr isə Biotəhlükəsizlik səyyar laboratoriyasında müayinə edilib. Müayinə zamanı yüksək patogen quş qripi xəstəliyinin törədicisi aşkar olunmayıb.
Qeyd edək ki, keçirilən monitorinqlər çərçivəsində xəstəlikdən tələf olan quşlara rast gəlinməyib.
Olaylar.az