Mayıs Səfərli seçki dairəsini dəyişdi
Mayıs Səfərli seçki dairəsini dəyişdi
13 Yanvar 2020 14:33 SosialAzərbaycanda fevral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən şəxslər arasında ikinci çağırış Milli Məclisin deputatı olmuş Yurddaş partiyasının sədri Mayıs Səfərli də var. Eks-deputat bu dəfə seçkilərə 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən qatılıb. Maraqlı məqam var ki, Mayıs Səfərli öncə 125 saylı dairədən namizədliyini irəli sürüb. Lakin sonrada öz istəyi ilə bu dairədən imtina edərək, 44 saylı dairədə sənədlərini təqdim edib.
Dairəni dəyişməsinin səbəbləri haqqında danışan partiya sədri bu addımı Sumqayıt sakinlərinin təkidi ilə atdığını söyləyib: "Mən Sumqayıtı və sumqayıtlıları yaxşı tanıyıram. Uzun illər orada çalışmışam, respublika qəzetlərinin birinin Sumqayıt üzrə zona müxbiri olmuşam. Sumqayıtın ekoloji problemlərinin, sakinlərin sosial-iqtisadi narahatlıqlarını həmişə kəsərli şəkildə işıqlandırmışam, böyük rezonans doğuran yazılarım olub. Tək yazmaqla deyil, problemlərin aradan qaldırılması ilə bağlı da ciddi fəaliyyət göstərirdim. Mən Qubadlıdanam. Sumqayıtda çoxlu sayda qohum-əqrəbam yaşayır. Sumqayıtda məskunlaşan qaçqın və məcburi köçkünlərimiz məni dəvət etdilər və onların vəkili olmağımı istədilər. Mən də etiraz etmədim".