Satışa çıxarılan qızlar- Züleyxa Nadir yazır
Satışa çıxarılan qızlar-Züleyxa Nadir yazır
13 Yanvar 2020 13:28 SosialZüleyxa NADİR
Hər bir gənc qızın arzusu gəlinlik, gənc oğlanın istəyi isə bəylik paltarı geyinməkdir. Deyərdim ki, bu arzu müqəddəsdi, bu istək sevimlidi. Kökündə sevgi dayanan ailənin ömrü uzun olur. Taleyində eşq, məhəbbət böyük rol oynyan cütlüyün gələcək ailəsi bir ömür xoşbəxtliklə naxışlanır. Qarşılıqlı sevgi, anlaşma şəraitində qurulan ailələr möhkəm olur. Bu möhkəmliyi kənar qüvvələr dağıda bilmir, heç bir maneə onların xoşbəxtliyini əllərindən almaq gücündə olmur. Bu, çox böyük xoşbəxtlikdi. Amma bəzən gənclər xoşbəxt olmaq üçün qarşılarına çıxan maneələri aşa bilmirlər. Valideynlərin müxtəlif səbəblərdən övladlarının qarşısına "çəkdikləri çəpəri" hər gənc aşa bilmir. Ki... bunun da sonunda xoşagəlməz hadisələr baş verir.
Bu maneələrdən biri bəzi yerlərdə başlıq, bəzi yerlərdə isə süd pulu adı ilə alınan puldu. Elçilikdən sonra qızın valideynləri süd pulu istəyirlər. Elə burda da ailələr arasındakı bağlılığa ilk düyün vurulur. Sonralar müxtəlif səbəblərdən vurulan düyünlər açılsa da bu düyün heç açılmır. Və açılmayan bu düyün çox vaxt iki gəncin sevgisinə gölgə salır, gələcək xoşbəxtliklərinə əngəl olur.
Əsilində bu, qədim dövrlərdən gələn adətdi. Vaxtilə bir kəndin, ya da mahalın sahibi olan ağa, bəy və xan ailəsində toy çaldırılan zaman gəlinin cehizi üçün əhalidən pul yığılıb. Həmin pul toplama mərasimi bizim günlərə "süd pulu" adı ilə daxil olub. O zamanlar əhali ağasının sözündən çıxa bilmirdi, sahibinin qarşısına qoyulan tələbi sözsüz yerinə yetirirdi. Əks halda başına gələcəklərin məsuliyyətini özü daşımalı olacaqdı. Amma indi bəy-xan dövrü deyil ki? Nədən ötənlərin utancverisi adətini daşımalı oluruq? İnsanlar bu "yükü" çiyinlərindən atmaq əvəzinə ona başqa don geydiriblər. Müxtəlif rayonlarda ona "halallıq", "süd nəməri", "xərclik", "başlıq", "qızpulu", "yolpulu" kimi adlar veriblər. Bütün hallarda heç də xoş olmayan bu ənənə qızın satılması deməkdir. Qız anası bunu südünün halallığı, qızını böyüdüb ərsəyə çatdırmasının haqqı kimi dəyərləndirir. Oğlanın valideynləri də qız tərəfin qarşısında pis vəziyyətdə qalmamaq üçün bu tələbi yerinə yetirirlər. Bəzən də oğlan tərəf bu pulu verməkdən haqlı olaraq imtina edir. Və iki ailə arasında "süd pulu" razılaşması əldə edilmədiyi üçün gənclər evlənə bilmirlər.
Bir çox hallarda bunu İslam dini ilə əlaqələndirirlər. Guya Məhəmməd peyğəmbər qızlarını ərə verərkən mehr alıb. Və həmin vaxtdan müsəlman dünyasında bu, toy adətinə çevrilib. Şəriətə görə guya həmin mehr ərə gedən qızın haqqıdır. Əks halda kəbin halal sayılmır. Peyğəmbərimizin qızlarına başlıq istədiyinə inanmıram. Allah elçisi əsla buna yol verməzdi. Qızların diri-diri torpağa basdırılmasına üsyan edən, bunun qarşısını almaq üçün bir ömür cahil ərəblərlə mübarizə aparan Peyğəmbər nədən öz doğma qızlarını ucuzlaşdırmış olsun? Bu, mümkünmü? Deyil. İnsanlığın seçilmişi olan Məhəmməd peyğəmbər nəinki öz qızlarının, digər qızların da ucuzlaşmasına belə şərait yaratmazdı. Bunu kim deyib, kim yazıbsa ortaya qıpqırmızı bir yalan qoyub. Hərçənd mehr süd pulu deyil, başlıq parasından fərqli olaraq valideynə yox, qıza çatır, onun şəxsi mal-dövləti sayılır. Qız uşağı Allahın valideynə verdiyi lütfdü. Bəşəriyyətin Əfəndisi bilirdi ki, bu lütfün dəyəri ölçüyəgəlməzdi. Bu səbəbdən də ailə quran qızın ucuz qiymətə satılmasını onun adına çıxmaq insanların öz hərəkətinə haqq qazandımasından başqa bir şey deyil.
***
İndi oğlanların çoxunun evlənmək istəmədiklərinin səbəblərindən biri də məhz bu problemdi. Zaman o zamandı ki, ali məktəbi bitirən oğlanlar əsgərlikdən dönüb normal iş tapana kimi xeyli vaxt keçir, yaş ötür. Toy ərəfəsində qız tərəfin ondan başlıq parası, süd haqqı istəməsi cütlüyün qoşulub qaçmasına, bəzən də nişanın qaytarılmasına səbəb olur. Demirəm ki, bütün gənclər bu cür etiraz nümayiş etdirirlər. Təbii ki, bu hal elə də aşırı deyil. Çoxlu sayda gənc ailə qurmaq üçün bir-birlərinin əlini sevgi ilə tuturlar. Biri əlini o birinin əlindən çəkərsə, taleyin yolu dəyişəcək. Sevgililər isə yolu dəyişmək istəmirlər. Haqlıdırlar. Valideynlər dəyişməlidi. Başlıq istəyib qızını satışa çıxarmamalıdır. Onun on minlərlə xərc çəkib cehiz aldığı, toya xərclədiyi pulun müqabilində istədiyi süd pulu, başlıq parası çox cüzidi. Amma məşhur filmdə deyildiyi kimi, "məsələ sosiskada deyil, məsələ vnimatelni olmaqdadır". Yəni bu süd pulu evlilik ərəfəsində hansı yaranı sağaldır ki, iki ailə arasında narazılıq yaranır, gənclərin xoşbəxtliyinə kölgə düşür? Bəzi rayonlarda isə pul almırlar. Siyahı tutub qız toyunun xərcini oğlan tərəfdən tələb edirlər. Bu, daha pisdi. Artıq bu adəti ləğv etmək lazımdı. Xoş deyil. İndi XXI əsrdi, texnologiyalar dövrüdü. Kosmos fəth olunub. İnsan yerin altına da ayaq açıb, ordakı sirləri öyrənib. Ona görə də ərə gedən qız etiraz etməli, qul - kölə olmadığını bildirməlidi.
Xatırlayıram. Təxminən 30-35 il əvvəl kəndimizdə bir həkim qıza qonşu kənddən elçi gəlmişdi. Oğlan tərəf imkanlı ailə idi, gənclər bir qrupda oxumuşdular, bir-birini sevirdilər. Qızın atası elçilikdə o dövrdə istənilən pulun ikiqatını tələb etmişdi. Oğlanın atası demişdi ki, mənim pulum var, sizin dediyinizdən də çox verə bilərəm. Amma istəyinizi yerinə yetirməyəcəm, adəti poza bilmərəm, heç kimdən artıq deyiləm. Başlıq pulu verilmədiyi üçün toy baş tutmadı. Oğlanı bilmirəm, amma qız bir daha kimsəni sevmədi, kimsə ilə evlənmədi. Həkim qız öz xoşbəxtliyinin üstündən xətt çəkməklə valideynlərinə etiraz etdi. Ağrılıdı...
Əlbəttə xoşbəxtlik süd pulu, başlıq parası ilə ölçülmür. Ailə xoşbəxtliyinin ölçüsü qarşılıqlı sevgi, bir ömür sönməyən eşqdi. Nə xoş ki, Azərbaycan bu dəyərlə yaşayan ailələrdən xali deyil. Amma Azərbaycan qapalı məkan deyil ki?! Ölkəmizin sərhədlərindən içəri daxil olan turistlər var. Onların içində xalqımızın milli mentaliteti, adət-ənənəsi ilə maraqlananlar başlıq məsələsini biləndə bizə nə deyirlər? Əminəm ki, ilk ağıllarına gələn "azərbaycanlı qızlar satışa çıxarılır" fikri olur. Əgər kimsə süd pulunun, başlıq parasının onun düşündüyü kimi olmadığını, sadəcə simvolik bir arzu olduğunu izah edərsə, bəlkə turistin fikirlərini dəyişməyə nail ola bilər. Amma bunu da etmirik. Və avropalı, amerikalı, lap elə Avstraliyadan gəlmiş bir çoban öz vətəninə dönəndə danışır ki, Azərbaycanda yerli qızlar satışa çıxarılır.
Heç olmasa bunu düşünürükmü?..