Ölüm cəzası hansı hallarda tətbiq edilə bilər? -TƏHLİL
Ölüm cəzası hansı hallarda tətbiq edilə bilər?-TƏHLİL
13 Yanvar 2020 13:19 SosialHər dövrün özünəməxsus faciələri olur. Çox vaxt bu faciələr bir-birinə bənzər formada, müxtəlif yerlərdə təkrarlanır. Bunların bir çoxunu tez-tez eşitdiyimiz üçün adi hal kimi qəbul edir və qulaqardına vurub keçirik. Bəziləri isə fitrətimizə o qədər tərs gəlir ki, bunları adi hal kimi qəbul etmək, ya da qulaqardına vurub keçmək olmur. (Ölkəmizdə 7, 15 yaşındakı qızlara təcavüz edilib öldürülməsi kimi...). Bu cür cinayətlər, fitrətimizdə olan insanlıq duyğularını, "vicdan", "namus", "ədalət", "haqq-hüquq", "qanun" və s. kimi məziyyətləri hərəkətə keçirməkdə və bizi çox rahatsız etməkdədir. Belə bir halda "intiqam", "qisas", "cəza" - kimi, fəryadı-fəğana səbəb məfhumları və maddələri səsləndirməyə başlayırıq. ABŞ-da və Avropa Şurasının üzvü olan bir sıra dövlətlərdə hələ də ölüm cəzası qüvvədə qalır.
Çox maraqlıdır ki, son vaxtlar ölkə ərazisində bu cür qətllər tez-tez baş verir. Həyatımızda qarşılaşdığımız insanlığa sığmayan bir çox cinayətlər bizi, müasir dövrümüzdə ölüm hökmünün bərpa edilib-edilməməsi və belə bir hökmün insan haqlarına uyğun olub-olmaması mübahisəsinə gətirib çıxarır. Psixoz həddə çatmış insanlar əsasən, cəmiyyətə və öz ailə üzvlərinə ziyan verir, kütləvi qətllər törədirlər. Bu isə istər-istəməz Azərbaycanda ölüm hökmünün ləğvi ilə bağlı qərara yenidən baxılmasını aktuallaşdırıb. Əsas gətirilir ki, dünyada 70-dən çox ölkədə edam cəzası hələ də qalır. Yeri gəlmişkən qeyd edək ki, ölüm hökmü dünyada ən çox Çin, İran, Pakistan, ABŞ, Səudiyyə Ərəbistanı, İraq və Vyetnamda icra olunur.
Dəhşətli cinayət hadisəsəi ilə bağlı eşidəndə sarsılırıq. Düşünürük ki, nə üçün bu hadisəni edən öldürülmür. Əlimizi ürəyimizin üstünə qoyub, etiraf etməlisiniz ki, dəhşətli cinayət hadisələri barədə eşidəndə beyninizdən bir fikir mütləq keçib: "Belələrinin ikicəsi camaatın gözü qabağında güllələnsəydi, qalanı ağıllanardı". Çoxumuz belə düşünürük. Ağsaqqalımız, ağbirçəyimiz də, cavanımız da. Bu inkarolunmaz haldır ki, elə cinayətlər var ki, adam onların barəsində eşidəndə damarlarında qanı donur. İstər Hammurapi qanunlarında, istər Roma hüququnda və ya İslam ədliyyəsində ölüm cəzası yer alıb. Lakin bu cəzalar heç də birtipli olmayıb. Ölüm cəzası tətbiq edildiyi cinayətlər və icra formaları ölkələrə və hüquq sistemlərinə görə dəyişib. Bütün tarix boyu ölüm hökmü tərəfdarlarının bir əsas-dəlili olub: cinayətkarlığın səviyyəsini aşağı salmaq". Dünyanın insan hüquq və azadlıqları müdafiə edən müxtəlif ölkələrində əhalinin əksəriyyəti ölüm cəzasını hələ də müdafiə edir. Qardaş ölkə Türkiyədə 15 iyul hadisələrindən sonra edam cəzasının bərpasına açıq çağırışlar səsləndi. Belələrini qınamalıyıq, yoxsa başa düşməyə çalışmalıyıq? Ümumiyyətlə, ölüm cəzası nədir? Ölüm ədalətli intiqam aktıdırmı? Ölüm cəzasını tətbiq etməklə bütün bizi gözləyən bəlalardan çıxış yolunu tapmaq olarmı? Bu cəza dünyada olunan cinayətlərin qabağını nə vaxtsa ala bilibmi?
Vəkil Rövşən Qasımov deyir ki, 10 fevral 1998-ci ildə Azərbaycan parlamenti ölüm hökmünün bütün növlərini ləğv etdi. Qanun fevralın 21-də dərc olunduqdan sonra qüvvəyə mindi. Barəsində ölüm hökmü çıxarılmış 128 nəfərin cəzası dəyişdirildi və uzun müddətli həbslə əvəz olundu. Bu şəxslərin bəziləri sonradan amnistiyaya düşərək azadlığa qovuşdu. 1993-cü ilin iyunundan isə Azərbaycanda ölüm hökmünə de-fakto moratorium qoyulmuşdu.10 fevral 1998-ci il qərarı ilə Azərbaycan daha bir yeniliyə imza atdı: ölkəmiz ölüm hökmünü ləğv edən ilk Şərq dövləti oldu: "1991-ci ildə İnsan Hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasını təsdiq edən 6 saylı protokolda ölüm cəzasının ləğv edildiyi bəyan olunur. Yalnız 3 hal istisna olmaqla ölüm cəzasının tətbiqi qadağan olunur: 1) Qanunsuz zorakılıqdan müdafiə, yəni zəruri özünümüdafiə vəziyyətində; 2) Məhkum saxlanılarkən və ya həbs yerindən qaçmasının qarşısı alınarkən; 3) Qiyam və ya kütləvi iğtişaş zamanı. Dövlətə qarşı qiyam və kütləvi iğtişaşın qarşısını alanda ölüm hadisəsinə yol verilə bilər. Müasir dünya praktikasında xüsusi ağır cinayət törədən qatillər, manyaklar edam edilir. Bəzi ölkələrdə narkotik tacirləri, təcavüzkarlar, Çinin bəzi əyalətlərində isə hətta oğrular da edam olunur. İranda isə narkotik tacirləri, narkotikin yayılmasında iştirak edənlər barədə ölüm hökmü çıxarılır. Cinayət Məcəlləsinin 57-ci maddəsinə görə, ömürlük azadlıqdan məhrumetmə cəzası yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. Cinayət edənədək on səkkiz yaşına çatmayan şəxslərə və qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmir. Ömürlük azadlıqdanməhrumetmə cəzası əfv qaydasında on beş ildən çox, lakin iyirmi ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası bütün cəza müddətində həbsxanada saxlanılmaqla təyin olunur. Ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilən şəxs barəsində cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilməsi məsələsini məhkəmə həll edir. Bu barədə qərar qəbul edən hakimlərdən biri xüsusi rəydə qalarsa, şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz. Ölüm cəzasının bərpasının Azərbaycanın imicinə mənfi təsir göstərəcəyi şübhəsizdir. Bu gün ölüm cəzasının bərpası deyil, bu cəzanın verilməsini arzu edilən cinayətlərin qarşısnıln alınmasından ötəri birgə mübarizə aparılması daha məqsədə müvafiqdir. Mən də fərd olaraq ğlüm cəzasının bərpasını istərdim..Amma vətəndaş olaraq Azərbaycanın beynəlxalq imicinə təsir edə biləcək hər şeydən uzaq durmaq lazımdır".
Psixoloq Ramil Nəsəfli hesab edir ki, ölüm hökmünün bərpa olunması məqsədəuyğun deyil. Çünki bu qədər mundar, əclaf, yaramaz, manyakal xüsusi keyfiyyətləri olan, çox qəddarlıqlar, zorakılıqlar, təcavüzlər törədən insanların cəzalandırılması sadəcə ölümlə bitməz. Bu ölüm hökmü ilə olmamalıdır: "Dövlət bunu birbaşa etməyə məcbur deyil. Bu cür mikrob kimi, cəmiyyətə pis nümunə olan insanlara, cəmiyyətə qarşı asosyal olan, bu cür pisliklər törədən insanlara qarşı dövlətin müxtəlif sanitarları olmalıdır. Bu sanitarlar üçün müvafiq dövlət orqanları işləməlidir. Mən təklif edərdim ki, həbsxanada yatan insanlardan, avtoritetlərdən bu məqsəd üçün istifadə olunsun. Müxtəlif yerlərdə, məhəllələrdə yaşayan sadə vətəndaşların içərisindən xüsusi insanlar ola bilər ki, dövlət sanitar qismində o insanları seçə bilər. Belə insanları məhz onların əli ilə cəzalandırmaq olar. Bu artıq cəmiyyətdə daha güclü müqavimət və ədalət hissini qoruya bilər. Belə olan halda konkret cinayətkar adam, cinayəti isbat olunmuş adam cəzalandırılır. Amma dövlət səviyyəsində məhkəmə qərarı ilə ölüm hökmü bərpa olunsa mənfi fəsadları ola bilər. Dünyada və Avropada ölüm hökmünün saxlanıldığı ölkələrdə statistika və tarix deməyə əsas verir ki, qanunda müəyyən boşluq ola bilir ki, nəticədə yalnış dəlillər əsasında əsl cinayətkarlar yox, hansısa səhv adamlar cəzalandırılmış olur. Ona görə də ölüm hökmünün bərpa olunması heç də məqsədəuyğun deyil. Bu tipli insanları cəmiyyətin əli ilə cəzalandırmaq üsulu daha məqsədəuyğundur".
***
Cəmiyyətdə aqressivliyin artması səbəbinə gəldikdə psixoloq qeyd edib ki, bunun bir sıra səbəbləri var: "Bu ondan irəli gəlir ki, gizli manyakal keyfiyyətləri olan insanlar çoxdu. Onlar papaq altında yatırlar və çox adamlar öz içərisində hansısa bir pedofildən tutmuş manyaklara qədər insanlardan xəbərsizdilər. Onlar məqamı gəldikdə, fürsət düşəndə yırtıcı xislətlərini həyata keçirirlər. Belə baxanda görürsən ki, mədəni adamdır, məclislərdə ola bilir, sərnişin kimi hər hansı nəqliyyatdan istifadə edə bilir, normal insan kimi hər hansı iş yerində işləyə bilir. Biz onları görə bilərik, amma tanıya bilmərik. Amma bu cür adamlar xəlvətə çəkildikdə öz xislətlərini büruzə verə bilirlər. Özləri üçün müəyyən bir fürsət və yaxud mühit formalaşdırırlar. Yaxud mühit əldə etdikdə öz cinayətkar xislətlərini həyata keçirirlər. Belə adamlar çoxdur. Bu təkcə genetik və yaxud xasiyyət, xarakterlə bağlı deyil. Bunlar ola bilər ki, asosyal insanlar olsunlar, adamlara qarşı kinlə, nifrətlə, qəzəblə yaşayan insanlar olsunlar. Söhbət təkcə hansısa uşaqlara qarşı pedofillik etmək, pedofil cinayətkarlardan gedmir. Ümumiyyətlə, aqressiv insanlar çoxdur. İnsanların psixologiyasını pozan hallardan biri ondan ibarətdir ki, insanlar adətən hansısa zülmə, haqsızlığa, ədalətə qarşı səslərini çıxara bilmirlər, kin və qəzəblərini lazım olan ünvanlara yox, gücləri çata bilən xırda adamlara yönəldirlər. Daha doğrusu, xırda adamlardan heyf çıxırlar. Bu ona bənzəyir ki, məsələn, insanın kredit borcu var və ödəyə bilmir. O metroda, avtobusda hər hansı günahsız bir insana qarşı və yaxud onu bir az əsəbləşdirən insana qarşı qeyri-adekvat, amansız reaksiya verə bilir. Yaxud, evində öz arvadına cavab verə bilməyən hansısa kişi, öz nifrinliyini, qəzəbini, aqressiyasını tamamilə günahsız və yaxud onu yüngülvari hirsləndirən tamam başqa bir adama qarşı yönəldir. Çox amansız və qəddarcasına həmin adama qarşı pislik edə bilir. Çünki psixoz vəziyyətində olan adamlar, onları incitmiş, cavabını verə bilmədikləri insana qarşı öz aqressiyasını basdırır, öz içində saxlayır, gücü kimə çatırsa, öz aqressiyasını ona yönəltməyə başlayır".
Alim
Olaylar.az