Paytaxt üzrə 7000-ə yaxın şagird olimpiadanın ilk mərhələsinə qatılıb
Bakı üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsində 7000-ə yaxın şagird iştirak edib.
13 Yanvar 2020 13:13 SosialBakı üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsində 7000-ə yaxın şagird iştirak edib. "OLAYLAR" xəbər verir ki, olimpiadaların şəhər mərhələsi yanvarın 12-də paytaxtdakı 16 imtahan mərkəzində təşkil edilib.
IX, X, XI, həmçinin xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadalarının şəhər mərhələsi Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə təşkil olunub. Sualların cavablandırılması üçün şagirdlərə 3 saat vaxt ayrılıb.
Respublika fənn olimpiadalarının şəhər mərhələsinin nəticələri yaxın günlərdə açıqlanacaq. Bu mərhələdə uğur qazanmış şagirdlər olimpiadanın növbəti mərhələsində iştirak etmək hüququ qazanacaq.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi ölkənin bütün şəhər və rayonlarında keçirilib.