Kirayə mənzil layihəsi vətəndaşlar arasında daha geniş marağa səbəb olub- RƏY
Kirayə mənzil layihəsi vətəndaşlar arasında daha geniş marağa səbəb olub-RƏY
13 Yanvar 2020 12:27 SosialSon illərdə ölkədə müxtəlif sahələrdə həyata keçirilən islahatlar həyatımızın bütün sahələrində özünü büruzə verməkdədir. Daha çox sosial sahəni özündə ehtiva edən bu islahatlar öz növbəsində kommunal-mənzil sahələrindən də yan keçməyib. Sənədsiz evlərin sənədləşdirilməsi, mənzil tikintisində uzun illər mövcud olan bürokratik əngəllərin aradan qaldırılması, eləcə də əhalinin sosial mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə sosial və kirayə mənzillərin tikilib istifadəyə verilməsi deyilənlərin əyani sübutudur. Artıq bir müddətdir ki, sözügedən prosesə start verilib və vətəndaşlarımız müvafiq prosedurlardan keçməklə həmin mənzillərə sahib olublar. Xüsusilə, kirayə mənzil layihəsi vətəndaşlar arasında daha geniş marağa səbəb olub. Elə iqtisadçı ekspert Rəşad Həsənov da deyir ki, satmaq öhdəliyi ilə kirayə mənzil layihəsi son həftələrdə ölkə ictimayyətində ən çox müzakirə olunan sosial mövzulardandır. Onun sözlərinə görə, müraciət prosesinin başlaması haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir: "Onu da əlavə edim ki, məndə olan məlumata görə onlayn müraciət sisteminin aktivləşəcəyi tarixlə əlaqədar əvvəlcədən məlumat veriləcəkdir. Mexanizmin növbəlilik prinsipinə əsaslanması başlama tarixi ilə əlaqədar insanlarda ciddi narahatlıq yaradır. İkincisi, qiymətləndirmə zamanı əsas meyar rəsmi şəkildə təsdiqlənən gəlirlər və bu gəlirlər əsasında ölçülən ödəmə qabiliyyəti məsələsidir. Gəlirləriniz rəsmi deyilsə proqrama müraciət etməyin heç bir mənası yoxdur.
Proqram hələ başlamadığı üçün müəyyən zəif tərəflərin aradan qaldırılması imkanı da var. Bunalara aşağıdakılar daxildir. Daha yaxşı olar ki, mənzillərin seçilməsi İpoteka və Kredit Zəmanət Fondu tərəfindən deyil, ipoteka mexanizmində olduğu kimi vətəndaşlar tərəfindən aparılsın. Belə ki, qiymətləndirmədən keçən vətəndaşa hansı qiymətdə mənzil almaq hüququ bildirilsin və iki ay vaxt verilsin. Beləliklə vətəndaş öz iş yerinə və yaxud arzusuna, sosial statusuna uyğun mənzil seçmək hüququ əldə etsin. İndiki şərtlərdə evlər Fond tərəfindən alınacaq. Bu isə seçim imkanını məhdudlaşdırmaqla yanaşı, Fond üçün dövlət vəsaitlərini subyektiv maraqlara uyğun idarə etmək imkanı yaradacaq. Məsələn, Fond yaxın şirkətlərin, hansı ki, mənzil tikintisi və satışı ilə məşğuldurlar evlərini qeyri-rəsmi sözdələşmə (rüşvət) müqabilində kütləvi alışını həyata keçirə bilər. Qeyd edilən dəyişiklik bu imkanı məhdudlaşdıra bilər. Bununla belə
Fond bu mexanizm vasitəsi ilə müxtəlif səbəblərdən balansına keçən mənzilləri də vətəndaşlara təqdim edə bilsin. Amma vətəndaş seçimində azad olsun". Rəşad Həsənov bildirib ki, mənzili olan, yaxud son bir il ərzində adına olan mənzili özgəninkiləşdirmiş şəxslər üçün mexanizmdən yararlanma hüququnu məhdudlaşdırılsın: "İpoteka və Güzəştli mənzil mexanizmlərində olduğu kimi kirayə mənzil mexanizmində də belə bir məhdudiyyət tətbiq edilmir ki, bu da daha çox aşağı və orta gəlirli sosial qrupların mənzil şəraitinin yaxşılaşdırılmasına hədəflənən bu proqramlardan digərlərinin (sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, yüksək gəlirli işlərdə çalışanlar, daşınmaz əmlak sahəsində fəaliyyət göstərənlər yaxud dünya malından gözü doymayan digər vətəndaşlar) bu hüquqlardan daha çox yararlanmasına yol açır ki, bu da öz növbəsindən proqramın öz hədəfinə çatmamasına səbəb olur. Nəzərə almaq lazımdır, şəxsən mən ünvanlanan suallardan məlum olur ki, insanlarımız çox insafsızdır. Baxın 8 evi olan birinin bu proqramdan yararlanmaq üçün canfəşanlıq etməsi, yaxud kifayət qədər imkanlı, həmçinin xeyli sayda daşınmaz əmlakı özəlləşdirmiş birinin bu proqramdan növbəsiz yararlanmaq üçün baş nazirə məktub yazması fikrinin olması məni həqiqətən də bir azərbaycanlı kimi utandırır. Bu insanlar düşünmür ki, dövlət vəsaiti hesabına maliyyələşdirilən bu layihələrdən mənzilsiz şəxslər yararlanmalıdır. Ona görə də qeyd edilən dəyişikliyin edilməsi çox vacibdir. Bu proqramlar aztəminatlı və mənzilsiz ailələr üçün əlçatan olmalıdır. Vicdan deyilən nəsnənin tam olaraq qavranılmadığı cəmiyyətlərdə qanunlar daha konkret və hədəfli olmalıdır".
Füzuli
Olaylar.az