" Yazıçılar Birliyinin katibləri arasında belə qalmaqal yaratmağa çalışmaq jurnalistikamıza heç də etibar qazandırmır! "
12 Yanvar 2020 21:07 SosialRƏŞAD MƏCİD
Qaşınmayan yerdən qan çıxartmaq, süni qalmaqal yaratmaq mediamızın şakərinə çevrilib. Çox təəssüf!
Ancaq bəzən medianı da qınamaq olmur: boz, məzmunsuz, yeniliksiz gündəmi nəyləsə maraqlı etmək, yox yerdən nəsə bir həyəcan yaratmaq, əyləncə düzəldib baş qatmaq da onun funksiyalarına aid edilir...
Bir müddət öncə APA-ya verdiyim geniş müsahibədə "Bizdə Çingiz Abdullayev kimi,kitablarının çapından qazanan tək-tük yazıçılar da var" sözlərimdən sonra jurnalist detektiv janrına münasibətimi soruşarkən " detektivi ədəbiyyat saymıram " söyləmişdim . Müsahibə daxilində bu fikirlərin "detektivi ciddi ədəbiyyat , bədii ədəbiyyat saymıram" mənasına gəldiyi aydın idi. "Çingiz Abdullayev maraqlı yazır?" - sualına isə belə cavab vermişdim: "Mən onun bircə "Bakı bulvarı" adlı romanını oxumuşam. Maraqlı idi, su kimi oxunurdu, amma sonra özünə sual verdim ki, bunu yazmağın mənası nədir? Oxuyursan, sonra yadda qalmır..."
Əfsuslar olsun ki, bir sıra media orqanları mənim bu fikirlərimi kontekstdən çıxardaraq, birbaşa Çingiz Abdullayevə qarşı yönəldiblər. Hətta bəziləri daha da irəli gedərək Çingiz Abdullayevə mənim guya onu yazıçı hesab etmədiyimi deyib, buna münasibət öyrənmək istəyiblər. "AYB katibi, Çingiz Abdullayevin yazdıqlarını ədəbiyyat saymır", yaxud "Rəşad Məcid Çingiz Abdullayevi yazıçı saymır" kimi başlıqlarla İP qazanmağı qənimət biliblər.
Halbuki mən indiyədək neçə yerdə, elə həmin müsahibədə də Çingiz Abdullayevin dünyada tanınmış yazıçı olduğunu, çox oxunduğunu qeyd etmişəm. Çingiz Abdullayev yüzdən çox əsərin müəllifidir, dünyada 3520 adda kitabı 35 milyondan çox tirajla çap olunub. Əsərləri 32 dildə çap edilən, ssenarilərinə 2 serial, 8 film çəkilən müəllif haqqında "yazıçı deyil" demək olarmı?!
"Detektivi ədəbiyyat saymıram" cümləsi heç bir baxımdan, heç bir yozumda "Çingiz Abdullayevi yazıçı hesab etmirəm" qənaətinə gəlməyə əsas vermir. Üstəlik, Xalq yazıçısı Çingiz Abdullayevin tarixi romanları, dərin vətəndaşlıq və ziyalı mövqeyi əks olunan publisistikası da var. Mənim belə bir zəngin yaradıcılığı olan insan barədə "yazıçı saymıram" deməyim mümkünsüzdür, absurddur.
Jurnalistlərə mənim fikirlərimi bu cür yanlış yozmaları ilə bağlı iradımı bildirəndə cavab verdilər ki, Çingiz Abdullayevdən nəsə yazmaq bizim üçün bolluca İP deməkdir, ona görə məsələyə bu yozumda yanaşdıq. Mən də onların bu "arqument"inə təbəssümlə reaksiya verdim və söhbətin məğzini Çingiz Abdullayevə də izah etdim.
Amma belə görünür, mətbuatın bu İP niyyətli manevri, yüngül şousu Çingiz müəllimdə bəlli bir narahatlıq yaradıb, onun çoxsaylı pərəstişkarlarını da məyus edib. Odur ki, bu məsələ barədə fikirlərimi bir daha aydınlaşdırmağa qərar verdim.
Bunu da bildirim ki ,Yazıçılar Birliyinin katibləri arasında belə qalmaqal yaratmağa çalışmaq, bu vasitəylə IP yığmaq cəhdi qətiyyən yaxşı hal deyil və jurnalistikamıza heç də etibar qazandırmır!