Azərbaycanda ölüm hökmü bərpa edilə bilərmi?

Azərbaycanda ölüm hökmü bərpa edilə bilərmi?

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanın müəmmalı şəkildə qətlə yetirilməsi cəmiyyətdə ciddi ajiotaj yaradıb. Qətlin xüsusi amansızlıq və qəddarlıqla həyata keçirilməsi isə ölüm hökmünün bərpsı məsələsini gündəmə gətirib. Nəzərə alsaq ki, son vaxtlar azyaşlı uşaqlara qarşı cinayətlərin, xüsusulə də seksual xarakterli əməllərin törədilməsinin sayı artıb, bu halda ölüm hökmünün bərpasının gündəmə gəlməsini təbii hesab etmək olar. Bəs, reallıqda necə, ölüm hökmünün bərpası mümkündürmü?

Xatırladaq ki, ölüm cəzasının bərpası ilə bağlı fikirlər müxtəlifdir. Bəzi ekspertlər Azərbaycanda ölüm cəzasının ləğvini düzgün addım kimi qiymətləndirir və ölkənin Avropa məkanına inteqrasiyası baxımından əhəmiyyətli olduğunu bildirirlər. Digər qrup ekspertlər isə xüsusi kateqoriyadan olan ağır cinayətlərə görə, ölüm cəzasının saxlanmasının tərəfdardır. Hesab edilir ki, pedofiliya və azyaşlı uşaqlara qarşı seksual cinayətlər var ki, bu cinayətlərə görə, ölüm cəzası saxlanılmalıdır. Çünki, ölüm cəzası ilə belə ağır cinayətlərin qarşısını almaq olar.

Hüquqşünas Alim Hüseynli bildirib ki, hazırda dünyada  edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. Azərbaycanda isə 1998-ci fevralın 10-da Milli Məclis prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul edib. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərə həyatları bağışlanıb. Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib. Azərbaycan Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzlədi. Hazırda Cinayət Məcəlləsinin 57-ci maddəsinə görə, ömürlük azadlıqdan məhrumetmə cəzası yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.

Məlum qərara görə, cinayət edənədək on səkkiz yaşına çatmayan şəxslərə və qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmir. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında on beş ildən çox, lakin iyirmi ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası bütün cəza müddətində həbsxanada saxlanılmaqla təyin olunur. Ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilən şəxs barəsində cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilməsi məsələsini məhkəmə həll edir. Bu barədə qərar qəbul edən hakimlərdən biri xüsusi rəydə qalarsa, şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz. Azərbaycanda bu cəzaya məhkum olunmuşlar Qobustan Qapalı Həbsxanasında cəza çəkir.

Cinayət Məcəlləsinin 57-ci maddəsinin tələbinə görə, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrumetmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gəlinərsə, ömürlük azadlıqdan məhrumetmə cəzası 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə əvəz edilə və ya o bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilər. Yalnız müharibə dövründə və ya müharibə təhlükəsi mövcud olduqda ağır cinayətlərə görə müstəsna hallarda xüsusi qanun qəbul edilməklə ölüm cəzasının tətbiqinə yol verilə bilər.

Psixoloq Vəfa Əkbər hesab edir ki, bu hadisəni törədən insanın psixologiyasının normal vəziyyətdə olması qeyri-mümkündür. Hətta o insanı fiziki olaraq görmədən belə demək olar ki, onun psixoloji müayinə və müalicəyə ehtiyacı var. Əgər o insan sözügedən hadisəni bu qədər qəddarlıq və aqressivliklə törədibsə, deməli onda insanin duyğuları və sağlan insani təfəkkürü yerində deyil. Artıq o insanda mənəviyyat son həddədir: "Demək olar ki, bu hadisə laqeyd və övladlarına diqqət yetirməyən çoxlu sayda valideynləri silkələmiş oldu. Baş verən hadisə diktə edir ki, uşaq hara getdi, hardan gəldi, saat neçədə getdi, neçədə gəldi, kimin evində gecələdi kimi suallara cavab tapa bilməyən valideynlər öz övladlarına, canının bir parçasına nəzər yetirsin, övladını əhatə edən çevrədən məlumatlı olsun. Nəzərə almaq lazımdır ki, azyaşlılara qarşı cinayətlərin sayının artmasının bir səbəbi də məhz valideyinlərin biganəliyindən irəli gəlir. Xüsusən, övladlarına kiminlə dostluq etmək, kimlərə yaxın durmamaq və təhlükə anından necə qorunmağı öyrətməmələrindən irəli gəlir".  

Ölüm hökmünün bərpasına gəldikdə, psixoloq bildirib ki, insanlarda  aqressiyanın səbəbi əslində imitasiya etdikləri üçündür: "Amma, unutmayaq ki, şiddətə şiddətlə cavab versək, fəlakətin qarşısı alınmaz olacaq. Düzdür, belə hadisələri törədənlər ən ağır cəzanı almalıdırlar, amma o insana mütləq psixoloji müalicə lazımdır. Cünki, belə hadisələri törədənlər normal təfəkkürə malik deyillər. Əgər bir insanın psixoloji durumu yerində deyilsə, o insanın törətdiyi dəhşətli cinayət göz önündədirsə, niyə onun əməllərinə analoji cavab verilməlidir?  Elə insanları asmaq, öldürmək, kəsməklə islah etmək mümkün deyil. Psixoloji müayinədə isə onun ailəsinə bəlli olacaq ki, həmin şəxsin psixoloji durumu normal deyil və vaxtında psixoloqa müraciət etməli idi. Biz cəmiyyətə belə insanların kəsilib-doğranmasını yox, onların psixoloji problemlərinin vaxtında aşkarlanmasını təbliğ etməliyik. Şiddət, asmaq, kəsmək problemin çözüm yolu deyil. Nəzərə almaq lazımdır ki, bu tipli insanların sayı çoxdur və şiddətlə onların qarşısını almaq qeyri-mümkündür".  

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31