Birləşmiş Ərəb Əmirliklərinin tələbələri ilə keçirilən təcrübə yekunlaşıb
Birləşmiş Ərəb Əmirliklərinin tələbələri ilə keçirilən təcrübə yekunlaşıb
10 Yanvar 2020 15:22 SosialBirləşmiş Ərəb Əmirliklərinin Ras Al-Xeyma şəhərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin (RAK TSEU) stomatologiya fakültəsinin tələbələrinə Azərbaycan Tibb Universitetində (ATU) keçirilən təcrübə müddəti başa çatıb. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a bildirilib ki, həmin universitetin V kursunun 11 tələbəsi iki həftə ərzində ATU-nun Tədris-Cərrahiyyə Klinikasında yerləşən ağız və üz-çənə cərrahiyyəsi kafedrasında kafedra müdiri, professor Çingiz Rəhimovun ümumi rəhbərliyi altında klinik təcrübə keçiblər. Tələbə heyətinə RAK TSEU-nun ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru ATU-nun məzunu Sabrin Azim başçılıq edib. Təcrübə müddətində tələbələr kafedranın və müvafiq şöbənin iş prinsipi ilə tanış olub, müxtəlif cərrahi əməliyyatların gedişini izləyib, həmçinin xəstələrin ambulator müalicə prosedurlarını müşahidə ediblər.
Xarici tələbələrin nümayəndə heyətinin ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayevlə görüşü keçirilib. Orxan İsayev iki universitet arasında yaranmış işgüzar münasibətlərin öz müsbət nəticəsini verdiyini, əməkdaşlığın bundan sonra da müxtəlif sahələrdə davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Görüşün sonunda təcrübə iştirakçılarına sertifikatlar təqdim olunub.