Milli mətbuatımızın qarşısında yeni vəzifələr durur
Milli mətbuatımızın qarşısında yeni vəzifələr durur
10 Yanvar 2020 13:17 SosialQabil Rzayev: "Azərbaycanda söz və ifadə azadlığının təmin olunması üçün təkmil hüquqi baza mövcuddur"
Azad söz, hər bir fərdin öz düşüncələrini, fikirlərini sərbəst ifadə etmək istəyi demokratiyanın əsas tərkib hissələrindəndir. Demokratik cəmiyyət-demokratik mətbuat, azad cəmiyyət-azad mətbuat anlayışları təsadüfən yaranmayıb. Demokratik, hüquqi, dünyəvi dövlətdə yaşayırıqsa, azad, müstəqil mətbuatın inkişafı mütləqdir. Müstəqil Azərbaycan da məhz bu prinsipləri əsas tutaraq ölkədə söz və mətbuat azadlığına təminat verib. Hüquqşünas Qabil Rzayev bildirib ki, Prezident Heydər Əliyevin hələ 1998-ci ildə imzaladığı Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi təsbit edilib. Bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqi və iqtisadi potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür. Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb. İlk dəfə çoxpartiyalılıq əsasında demokratik parlament seçkiləri keçirilib, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilib. Ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub. Kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azərbaycan dövləti onların müstəqil qurulması, azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Bu gün Azərbaycan Respublikasında yüzlərlə qəzet və jurnal, onlarla radio və televiziya şirkəti, çoxsaylı informasiya agentlikləri fəaliyyət göstərir. Onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə duran siyasi və ictimai təşkilatlara məxsusdur. Kütləvi informasiya vasitələrində istənilən fikri demək, dövlət sirri təşkil etməyən istənilən faktı açıqlamaq üçün qeyri-məhdud imkanlar var. Sənəddə həmçinin qeyd olunub ki, Azərbaycanda söz, mətbuat azadlığının təmin edilməsi, bu hüquqdan vətəndaşların və dövlətin mənafeyi naminə düzgün, səmərəli istifadə edilməsi sahəsində müəyyən problemlər də mövcuddur ki, onların həlli istiqamətində ardıcıl tədbirlər tələb olunur. Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir. Mətbuat və televiziya xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, inkişafı və geniş ictimaiyyət arasında yayılmasının qayğısına qalmalıdır. Jurnalistlərin peşəkar səviyyəsini artırmaq, vətəndaşlarda kütləvi informasiya vasitələrinə obyektiv münasibət aşılamaq, mətbuatın imkanlarından bacarıq və məsuliyyətlə istifadə etmək istiqamətində həm dövlət, həm də mətbuat orqanlarının özləri çox işlər görməlidirlər. Bununla bağlı kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin və digər əməkdaşların vətənpərvərliyi yüksək vətəndaşlıq məsuliyyəti, peşə hazırlığı, təhsili, təmiz mənəvi siması xüsusi əhəmiyyət kəsb edir. Kütləvi informasiya vasitələrində Azərbaycan qanunvericiliyinin tələblərinə, milli mənəviyyatımıza uyğun hüquqi və etik normaların gözlənməsi hər bir jurnalist üçün ən vacib vəzifə olmalıdır. Beləliklə, "Ölkəmizdə siyasi plüralizmin tələblərinə dönmədən əməl edilir. Söz, fikir və əqidə azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı, onların sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması Azərbaycanın dövlət rəhbəri kimi mənim qarşımda duran mühüm vəzifələrdəndir" söyləyən ümummilli lider Heydər Əliyev milli mətbuatımızın inkişafında əvəzolunmaz xidmətlər göstərərək, mövcud problemlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirib.
Onun sözlərinə görə, müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də böyük problemlər vardı. Həmin illərdə səriştəsiz, təcrübəsiz şəxslərin ölkəyə rəhbərliyi özbaşınalığa, hərc-mərcliyə gətirib çıxarmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı uçuruma yuvarlanmaqda olan müstəqil Azərbaycanı xilas etdi. O, ölkə həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatımızda yaranmış problemləri də uğurlu və düşünülmüş siyasəti sayəsində aradan qaldırmağa başladı. Ölkənin müvafiq qanunvericilik aktlarında dəyişikliklər edildi və Azərbaycan söz və mətbuat azadlığının təmin olunması ilə əlaqədar mövcud olan beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu: "Hazırda da mətbuata göstərilən dövlət qayğısı nəticəsində söz və fikir azadlığı ən yüksək səviyyədə təmin olunub. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, KİV-lərin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqlənməsi, sənəd əsasında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və s. kimi addımlar da deyilənlərin təsdiqidir. Atılan addımların davamlılığı bu gerçəkliyi ortaya qoyur ki, Azərbaycan dövləti mətbuat orqanlarının sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə, insan hüquqlarının qorunmasına bütün imkanların yaradılmasının tərəfdarıdır. 2005-ci ildə "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması da bu qayğının təzahürüdür".
Q.Rzayev onu da qeyd edib ki, ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında yeni vəzifələr durur: "Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə həyata keçirdiyi düşünülmüş siyasət və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurlu davamı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artması peşəkar jurnalistlərimiz üçün, sözün əsl mənasında, geniş yaradıcılıq imkanları açmaqla yanaşı, məsuliyyəti artırır, vətənpərvərlik məsələsini daha da aktuallaşdırır. "Bizim gənclərimiz vətənpərvərlik ruhunda böyüməlidir, tərbiyə almalıdır və jurnalistikanın bu sahədə böyük rolu vardır" söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, dövlətə zərər vura biləcək hər hansı bir addıma yol verilməməlidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin iki dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi də azad, müstəqil mətbuatın inkişafına diqqət və qayğısından irəli gəlir. Cənab İlham Əliyevin ikinci dəfə "Jurnalistlərin dostu" seçilməsi münasibətilə keçirilən mərasimdə söylədiyi "Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini "Jurnalistlərin dostu" adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə bir məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır" fikirləri bir daha cəmiyyətin güzgüsü olan azad, müstəqil mətbuatın inkafının dövlətin siyasətində əsas məsələ olduğunu açıqlayır. Bu gün ölkəmizdə internet istifadəçilərinin sayının 75 faizdən çox olması da müstəqil, azad mətbuatın inkişafının göstəricilərindəndir". "Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyinin sədri Seymur Verdizadə isə qeyd edib ki, Azərbaycanda bəşəri dəyərlər sayılan söz və ifadə azadlığının təmin olunması və qorunması üçün kifayət qədər təkmil hüquqi baza mövcuddur: "Bu baza ilk növbədə konstitusiyamızdan qaynaqlanır. Qanunlarımızın tələblərinin yerinə yetirilməsi şərtdir. Ancaq bəzən söz və ifadə azadlığı sahəsində baş verən proseslər o qədər sürətlə, o dərəcədə dəyişkən mahiyyətli olur ki, məsələni tənzimləmək üçün mütləq ictimaiyyətin dəstəyinə ehtiyac yaranır. Dünyada baş verən proseslər də bunu deməyə əsas verir. Söz azadlığından sui-istifadə motivləri təkcə Azərbaycan deyil, ümumən dünya üçün xarakterikdir. Sosial şəbəkələr, internet informasiya resursları cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu durumda xoşagəlməz hallar da nəzərə çarpmaqdadır. Ona görə cəmiyyət həssas olmalıdır".
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir